2019-cu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti

tərəfindən bir sıra qərarlar qəbul edilmişdir

2019-cu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.

Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarı qəbul edilmiş, həmin tarixli 56 nömrəli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli 83 nömrəli Qərarına dəyişikliklər edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 6 may tarixli 59 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2011-ci il 19 iyul tarixli 71 nömrəli və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 94 nömrəli qərarlarına  dəyişikliklər edilmişdir.

Bundan başqa 2019-cu il 8 may tarixli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”ı təsdiq edilmişdir. Qərara görə müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 61 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında yerli xammala əsaslanan istehsal məhsullarının Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün daşınmasında yaranan xərclərin kompensasiya edilməsi Qaydaları”ı təsdiq edilmişdir. Bu Qərara əsasən Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün aparılan muxtar respublikadakı yerli xammala əsaslanan istehsal məhsullarının (bundan sonra - məhsullar) rəqabət qabiliyyətinin artırılması, yeni bazarlara çıxışın təmin olunması üçün yük maşınlarının tranzit hərəkəti zamanı İran İslam Respublikasında alınan müxtəlif növ ödənişlərə görə yol xərclərinin kompensasiya edilməsini müəyyən edir.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 8 dekabr tarixli 103 nömrəli və “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 fevral tarixli 23 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli Qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına  ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli 109 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin         1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası” ləğv edilmişdir. Ləğv olunma nəticəsində “İpoteka kreditləri hesabına alınan yaşayış sahəsinin Naxçıvan şəhəri, habelə muxtar respublikanın digər yaşayış məntəqələrinin əraziləri üzrə 1 kvadratmetri üçün orta bazar qiymətləri” qüvvədən düşmüşdür.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin      2019-cu il 27 may tarixli Qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti  hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə” 2014-cü il 22 may tarixli 48 nömrəli Qərarında dəyişiklik edilmişdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Joomla 1.5