2019-cu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir

2019-cu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”i təsdiq edilmişdir. Qərara əsasən Peşə təhsili müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli həyata keçirilir.

Həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”i təsdiq edilmişdir. Qərara görə Ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Eyni zamanda “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Qərar qəbul etmişdir. Bu Qayda Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir şəxsin əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən  “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Qərar qəbul edilmişdir. Nümunəvi Nizamnaməyə əsasən orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqamətləri orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi, eləcə də əlavə təhsil proqramlarının həyata keçirilməsindən ibarətdir.

Bundan başqa, 2019-cu il  20 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar muxtar respublikada peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir. Həmçinin Qaydaya əsasən Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra-dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Eyni zamanda “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin   2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 19 oktyabr tarixli 103 nömrəli Qərarında da  dəyişikliklər edilmişdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

 

Joomla 1.5