Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fevral ayı ərzindəki qərarları

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetinin fevral ayı ərzindəki qərarları

Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müəyyən qərarlar qəbul edilir. Fevral ayı ərzində qəbul edilmiş qərarlardan biri “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən apostil şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi haqqında”dır.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin         11 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında 2020-ci il             1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə  torpaq balansı” təsdiq edilmişdir. Adıçəkilən qərara əsasən 2019-cu ildə mövcud 164335 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin 54422 hektarını əkin, 1977 hektarını çoxillik əkmələr, 3040 hektarını biçənək, 302 hektarını dinc, 104594 hektarını isə örüş sahələri təşkil etmişdir. Əvvəlki  ilə nisbətən 2019-cu ildə əkin sahəsi 1034 hektar, çoxillik əkmələr 304 hektar artmış, dincə qoyulmuş sahələr 540 hektar, örüş sahələri isə 791 hektar azalmışdır. Qeyd edək ki, 2020-ci il 1 yanvar vəziyyətinə suvarılan torpaqların sahəsi 62231 hektar olmuşdur ki, bu da ötən illə müqayisədə 799 hektar çoxdur. Bu artım Kəngərli və Şahbuz rayonlarında qapalı suvarma şəbəkəsinin qurulması, Babək, Culfa, Ordubad rayonlarında və Naxçıvan şəhərində meyvə bağlarının, üzümlüklərin salınması və həmin ərazilərin su ilə təmin edilməsi nəticəsində baş vermişdir.

Həmin tarixdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması”nın təsdiq edilməsi haqqında da Qərar qəbul edilmişdir.

Eyni zamanda “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaratdığı publik hüquqi şəxsin (statusu qanunvericiliklə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin         13 fevral tarixli 33 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir.

Nazirlər Kabinetinin 2020-ci il 20 və 27 fevral tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarlar qəbul edilmişdir. Dəyişikliyə əsasən muxtar respublikaya idxal olunan kartof toxumunun fevral, mart, aprel aylarında idxal gömrük rüsumlarının dərəcələri “0”-a endirilmişdir. Bu da, kartof əkini sahəsinin artmasına  və məhsul bolluğunun yaranmasına imkan yaradacaqdır. Digər dəyişikliyə əsasən isə muxtar respublikaya idxal olunan bir sıra alkoqollu içkilərin idxal rüsum dərəcələrində dəyişiklik edilmişdir.

Qəbul edilmiş digər Qərarlardan biri “Naxçıvan Muxtar Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 13 avqust tarixli 57 nömrəli və “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2010-cu il 2 fevral tarixli 9 nömrəli qərarlarında dəyişiklər edilməsi haqqındadır. Sözügedən qərara uyğun olaraq arıçılıq məhsullarının minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə  cavab verməsinə dövlət nəzarətini Naxçıvan Muxtar Respublikasının  Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  həyata keçirir. Bu Qərarda “Həvəskar və peşəkar arıçılıqla məşğul olma”, “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması, “Arıçılıq təsərrüfatlarının uçotu”, “Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi” Qaydaları və “Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin” Siyahısı təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 fevral tarixli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin  tərkibi” və “Aqrar sığorta predmetinin Tərkibi”nə daxil olan kənd təsərrüfatı bitkiləri, bitkiçilik məhsulları, heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlara görə hesablanmış sığorta məbləğinin  və sığorta haqqının təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərara görə muxtar respublika üzrə bitkiçilik və heyvandarlıq sahələrində aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi və sığortanın məbləği təsdiq edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Joomla 1.5