"Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"

"Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən

turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli 247 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev

«29» iyul 2015-ci il

№ 52

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2015-ci il
“29” iyul tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmişdir



Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm

şirkətlərinin akkreditasiyadan keçməsi

Q A Y D A S I

1.   Ümumi müddəalar

1.1.  Bu Qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyində (bundan sonra - Nazirlik) akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

1.2. Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 (bir) ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər.


2.   Akkreditasiya qaydası

2.1. Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Nazirliyə müraciət etməlidir.

2.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

2.2.1. turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi;

2.2.2. turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat.

2.3. Ərizəyə turizm şirkətinin son 3 (üç) ay ərzində Naxçıvan Muxtar Respublikasına gətirdiyi xarici turistlərin sənədlərinin surətləri (xarici turizm şirkəti və ya turistlərlə bağladığı müqavilənin (vahid bir sənədin) və ya qanunvericiliyə əsasən sənədlər mübadiləsi formasında bağlanmış müqavilələr üzrə yazışmanın, habelə bu cür müqavilə əsasında edilmiş ödənişlər üzrə sənədlərin surətləri) əlavə edilməlidir.

2.4. Ərizəyə Nazirlik tərəfindən baxılmasının və qərar qəbul edilməsinin ümumi müddəti 10 (on) iş günüdür.

2.5. Ərizə Nazirliyə daxil olduqdan ilk 5 (beş) iş günü ərzində onun bu Qaydanın 2.1-ci - 2.3-cü bəndlərində müəyyən edilmiş tələblərə cavab verməsi məsələsi araşdırılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 (üç) iş günü müddətində ərizənin həmin tələblərə uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır.

2.6. Nazirlik tərəfindən ərizəçiyə sorğu verildikdə, həmin ərizəçi 3 (üç) iş günü müddətində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir.

2.7. Ərizəyə Nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir.

2.8. Turizm şirkətinin akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:

2.8.1. Nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda;

2.8.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

2.9. Akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər.


3. Akkreditasiya müddəti, akkreditasiyanın

qüvvədən düşməsi və ləğvi

3.1. Turizm şirkəti turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın qüvvədə olduğu müddətə akkreditasiya olunur.

3.2. Turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda, bu Qaydaya uyğun verilmiş turizm şirkətinin akkreditasiyasının da qüvvəsi eyni müddətə dayandırılır.

3.3. Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:

3.3.1. turizm şirkətinin müvafiq müraciəti olduqda;

3.3.2. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın müddəti bitdikdə;

3.3.3. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə.

3.4. Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda ləğv edilir:

3.4.1. bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq turizm şirkətinə xəbərdarlıq olunduqdan sonra müvafiq statistik məlumatlar təkrarən təqdim edilmədikdə;

3.4.2. akkreditasiyadan keçməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə.


4.   Yekun müddəalar

4.1. Akkreditasiyadan keçmiş, akkreditasiyası qüvvədən düşmüş və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Nazirliyin internet səhifəsində, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin internet səhifəsində yerləşdirilir.

4.2. Akkreditasiyadan keçmiş turizm şirkətləri Nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir.

4.3. Nazirliyin vəzifəli şəxslərinin akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.






 

 

 

Joomla 1.5