“Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”

“Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 367 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:        Ə.Baxşıyev

«25»  dekabr  2015-ci il

№ 91

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2015-ci il
“25” dekabr tarixli 91 nömrəli
qərarı ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun

attestasiyasının keçirilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydasını müəyyən edir.

1.2. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1.2.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;

1.2.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyinin artırılmasına stimullaşdırılması;

1.2.3. dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.

1.3. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu (bundan sonra - dövlət qulluqçusu), qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

1.4. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydaların 2.3-cü bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı tabelik qaydasında yuxarı dövlət orqanı ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

1.5. Tutduğu vəzifədə 1 (bir) ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra 1 (bir) ildən tez olmayaraq attestasiyadan keçməlidir.

 

2. Attestasiyanın keçirilməsi qaydası

2.1. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiyaya tabeçilik qaydasında yuxarı dövlət orqanının nümayəndəsinin cəlb edilməsinə həmin yuxarı dövlət orqanının rəhbərinin razılığı ilə yol verilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.

2.2. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər 3 (üç) komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksəkixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.

2.3. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2.4. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

2.5. Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

2.6. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

2.7. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət qulluqçusu barədə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər.

2.8. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir. Dövlət qulluqçusu növbəti attestasiyadan bu Qaydaların 1.4-cü bəndində göstərilən qaydada keçməlidir.

2.9. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

2.9.1.  tutduğu vəzifəyə uyğun gəlir;

2.9.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1(bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

2.9.3. tutduğu vəzifəyə uyğun gəlmir.

2.10. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

2.11. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

2.12. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.

 

3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi

3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır(əlavə olunur).

3.2. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.

3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

3.5. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.

3.6. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər. Tabelik qaydasında yuxarı dövlət orqanı şikayətə daxil olduğu gündən sonra 20 (iyirmi) iş günü ərzində baxır.

 

“Naxçıvan Muxtar Respublikasında
dövlət qulluqçusunun attestasiyasının
keçirilməsi Qaydaları”na

əlavə

Attestasiya vərəqəsi

1. Soyadı, adı, atasının adı ________________________________________

 

2. Doğulduğu il_________________________________________________

 

3. Təhsili və ixtisasının artırılması barədə məlumat_____________________

______________________________________________________________

(haranı və nə vaxt bitirmişdir, təhsilinə görə ixtisası, elmi dərəcəsi, elmi adı,

______________________________________________________________

ixtisasını harada və nə vaxt artırmışdır)

 

4. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi)

tarix_____________________________________________

______________________________________________________________

 

5. Ümumi əmək stajı_____________________________________________

______________________________________________________________

(o cümlədən, qulluq keçdiyi dövlət orqanında qulluq stajı )

 

6. Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi________________

______________________________________________________________

______________________________________________________________

 

7. Attestasiyadan keçən dövlət qulluqçusuna verilən suallar və cavablar ____

______________________________________________________________

______________________________________________________________

8. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri ___________________

______________________________________________________________

 

9. Attestasiyadan keçən dövlət qulluqçusunun rəy və təklifləri____________

______________________________________________________________

 

10. Səsvermənin nəticələrinə görə dövlət qulluqçusunun fəaliyyətinə qiymət

verilməsi________________________________________________________

__________________

 

Səslərin sayı: lehinə ______________ əleyhinə _______________________

11. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)________

_____________________________________________________________

 

12.  Qeyd______________________________________________________

______________________________________________________________

_____________________

 

Attestasiya komissiyasının sədri                ________________________

(imza)

Attestasiya komissiyasının üzvləri            ________________________

(imza)

Attestasiyanın keçirildiyi tarix                     ________________________

 

Attestasiya vərəqəsi ilə tanış olmuşdur_______________________________

______________________________________________________________

(attestasiyadan keçən dövlət qulluqçusunun imzası və tarix)

 

13. Attestasiyanın nəticələrinə görə dövlət orqanının rəhbərinin qərarı və

onun qəbul olunduğu tarix _______________________________________.

 

 

____________

 

 

Joomla 1.5