«Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»nin təsdiq olunması barədə
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»nin təsdiq olunması barədə

«Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»nin təsdiq olunması barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert
Komissiyaları haqqında Əsasnamə»nin təsdiq
olunması barədə

«Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Tibbi-Sosial Ekspert Komissiyalarının işinin daha da təkmilləşdirilməsi və tənzimlənməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin. 
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


22 yanvar 2008-ci il
№ 12

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il 22
yanvar tarixli 12 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial
Ekspert Komissiyaları haqqında

Ə S A S N A M Ə

1. ÜMUMI MÜDDƏALAR

1.1.Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən tibbi sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

1.2. Tibbi-sosial ekspert komissiyaları öz fəaliyyətlərində Azərbaycan Respublikasının  qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr və qərarlarını bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tuturlar.

1.3. Tibbi-sosial ekspert komissiyaları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılır və şəxslərin həyat fəaliyyətinin məhdudlaşmasının qiymətləndirilməsi əsasında onların sosial yardıma, sosial müdafiəyə olan ehtiyaclarını müəyyən edirlər.

1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur:
ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları;
ali pillə-Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası.

1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunu) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamə əsasında I, II və III qrup əlillik təyin edilir.

Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, uşaqlıqdan əlillik, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövri ilə əlaqədar əlillik,  hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik, müharibə əlilliyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik.

1.6. Əlilə tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş  əmək zəmanətinə təşkilati və hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən hökmən əməl edilməlidir.

1.7. Tibbi-sosial ekspert komissiyalarına yerli icra hakimiyyəti tərəfindən, bir qayda olaraq  müalicə-profilaktika müəssisələrinin bazasında iş otaqları ayrılır. TSEK-lər müəyyən edilmiş qaydada tələb olunan ləvazimat və avadanlıqla səhiyyə orqanları tərəfindən təmin edilirlər.

TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda səyyar müayinə iclasları aparılması üçün komissiya rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi, yaxud müalicə-profilaktika müəssisələri tərəfindən nəqliyyat vasitəsi ilə təmin edilir və ya yol xərcləri tarifə uyğun  olaraq əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən ödənilir.

Zona tibbi-sosial ekspert  komissyaları və ali pilləyə daxil olan strukturlar müvafiq olaraq Naxçıvan Muxtar Respublikası büdcəsi hesabına maliyyələşdirilir.

1.8. Zona tibbi-sosial ekspert komissiyalarının əsas bazada müayinə iclasları  üçün dairəvi möhürləri və ştampı olur.

2. Tibbi-sosial ekspert komissiyalarının vəzifələri və hüquqları

2.1.  Zona tibbi-sosial ekspert komissiyalarının vəzifələri

- həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir;

- müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir;

- həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini  və əlilliyin baş vermə vaxtını təyin edir;

- işçinin istehsalat xəsarəti və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmə faizini, habelə əlavə sosial yardıma ehtiyacı olub-olmamasını müəyyənləşdirir;

- istehsalat xəsarəti, peşə xəstəlikləri, hərbi əməliyyatlar keçirilən  zonada olmaqla və başqa hadisələrlə əlaqədar xəsarət və ya xəstəlik nəticəsində ailə başçısı itirildiyi halda ölümün səbəbini müəyyən edir;

- dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə əlillərin fərdi bərpa proqramını hazırlayır, əlilin reabilitasiya müəssisəsinə  göndərilməsinə göstəriş  olub-olmamasını müəyyənləşdirir. Proqramın icrasını və icra müddətini göstərməklə reabilitasiya tədbirinin növünü, həcmini və formasını müəyyənləşdirir;

- fərdi bərpa proqramının icrasına nəzarət və düzəlişlər edir;

- əlillərə ilkin psixoloji yardım göstərir;

- əlillərə əmək zəmanəti verir və peşə yönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks göstəriş  sayılan istehsalat şəraitini və amillərini müəyyən edir;

- əlillər üçün qanunvericilikdə nəzərdə tutulan digər sosial yardımlara (protezləşdirmə, nəqliyyat və hərəkət vasitələri ilə təmin olunma, təhsil müəssisələrində təhsil alma hüququ və s.) tibbi göstərişlərin olub-olmamasını təyin edir;

-    tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşməsinə zəmin yaratmaq məqsədi ilə müayinə olunan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlillərin sosial yardıma, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaradır;

- xidmət  rayonunda  əlilliyin vəziyyətini təhlil edib, tədbir görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına məlumat verir;

- əlillərin təkrar müayinəsi sənədlərlə təsdiq edilən üzrlü  səbəbdən ötürüldükdə (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyətlə bağlı) həmin müddət üçün ekspertiza aparıb əlillik müddətini müəyyənləşdirir;

- yetkinlik yaşına çatmış sağlamlıq imkanları məhdud şəxslərdə fiziki çatışmazlıqların, əqli və ya psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verir;

- əlil hesab edilmiş çağırış yaşlı gənclər haqqında hərbi komissarlığa məlumat verir;

- 18 yaşadək xəstə uşaqların müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir;

- əlil hesab edilmiş bütün şəxslər barədə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə və Məşğulluq Mərkəzinə məlumat verir;

- şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə məsləhət verir.

2.2. Zona TSEK-in hüquqları

- səhiyyə orqanlarından, idarə, müəssisə və təşkilatların müdiriyyətlərindən tibbi-soisial ekspertiza üçün lazım olan məlumatları almaq;

- əlilləri müayinə və müalicə məqsədi ilə səhiyyə müəssisələrinə və reablitasiya mərkəzlərinə göndərmək;

- əlillərin fərdi bərpa proqramının icrasına nəzarət etmək hüquqlarına malikdir;

- ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul etmək;

- sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək.

2.3. Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyasının vəzifələri:

- zona tibbi-sosial ekspert  komissiyasına metodiki köməklik göstərmək, onların qərarlarına nəzarət etmək, əsassız qərarları ləğv etmək və fəaliyyətlərini yoxlamaqdan;

- mürəkkəb ekspertiza hallarında ilkin tibbi-sosial ekspert komissiyalarına şifahi və yazılı məsləhət verməkdən;

- əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, vətəndaşların əmək qabiliyyətinin bərpası üçün müvafiq tədbirlər işləyib hazırlamaqdan;

- zona tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşların şikayət qaydasında təkrar müayinə edib qərar verməkdən;

- müayinə olunan şəxslərin peşə yönümünü müəyyən etmək və onlara psixoloji-reabilitasiya yardımı göstərməkdən;

- ilkin əlilliyi nəzarət qaydasında təsdiq etməkdən, ilkin komissiyaların əlillik haqqında qərarını əyani, əlil hər hansı səbəbdən müayinəyə gələ bilmədikdə isə, (əlilin razılığı ilə) qiyabi yolla dəyişdirməkdən;

- zona tibbi-sosial ekspert komissiyalarının mütəxəssislərinin səviyyələrinin yüksəldilməsində, əlillik problemlərinə dair konfrans, seminar müşavirələr keçirilməsini təşkil etməkdən ibarətdir.

3. Tibbi- sosial ekspert komissiyalarının təşkili

3.1. Tibbi-sosial ekspert komissiyaları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırılaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılır, yenidən qurulur və ləğv edilir.

Zona tibbi-sosial ekspert komissiyaları zona ərazi prinsipi əsasında , hər 60-70 min nəfər əhaliyə bir həkim-ekspert ştatı nəzərdə tutulmaqla aşağıdakı tərkibdən ibarət təşkil edilir:

Hər biri iki ştat vahidi olmaqla ekspert-terapevt, ekspert-nevropatoloq, ekspert-cərrah, ekspert-sosioloq-reabilitoloq, bölgədə əlilliyin səviyyəsindən asılı olaraq bir ştat vahidi ekspert-okulist, yaxud ekspert-psixiatr. Ekspert həkimlərindən biri zona TSEK-nin sədri təyin olunur.

3.2. Sədr komissiyanın işini təşkil edir. TSEK-nin müayinə iclasları  komissiyaların   tərkibini    və   qrafikini    müəyyən    edir.    Tibbi-sosial ekspertiza xidmətinin  təşkili vəziyyətinə görə  şəxsən məsuliyyət daşıyır. Müayinə iclaslarının sədri tibbi-sosial ekspertizanın aparılması keyfiyyətinə görə məsuliyyət  daşıyır. Zona TSEK-nin sosioloq-reabilitoloqu komissiyanın müayinə iclaslarında iştirak edir, xidmət ərazisində əlillərin reabilitasiyası işinin təşkili və aparılmasına cavabdehlik daşıyır.

3.3. Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert  Komissiyasının sədri və üzvləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırılaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin     Sosial Müdafiəsi naziri tərəfindən, digər işçilər isə komissiya sədrinin təqdimatına əsasən nazir tərəfindən vəzifəyə təyin və azad edilirlər.
Zona TSEK-ində tibb bacısı, əhalisi 70 min nəfərdən çox olan hər bir rayonda qeydiyyatçı, komissiya səhiyyə idarələrindən kənarda yerləşdiyi halda sanitar, nəqliyyat  vasitəsi ilə təmin olunduğu halda isə sürücü ştatı nəzərdə tutulur.

3.4. Naxçıvan Muxtar Respublikasında tibbi-sosial ekspertizanın təşkilinə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi nəzarət edir.

3.5. Tibbi-sosial ekspertiza xidməti işini Naxçıvan Muxtar Respublikasının Tibbi-Sosial Ekspert Komissiyası həyata keçirir.

3.6. Tibbi-Sosial Ekspert  Komissiyası hüquqi şəxsdir, üzərində öz adı olan dairəvi möhürə və ştampa malikdir.

3.7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi sosial ekspert komissiyalarının sədr və üzvlərinin vəzifə borcları  haqqında təlimat təsdiq edilir.

3.8. Tibbi-sosial ekspert komissiyalarının müayinə iclaslarına müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri  dəvət oluna bilərlər.
3.9. Hərbi qulluqçuların müayinəsi, ehtiyac olduğu hallarda  aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsinin iştirakı ilə aparılır.

4. Tibbi-sosial  ekspert  komissiyalarında müayinə  qaydaları

4.1. Şəxslərin tibbi-sosial ekspert komissiyalarında müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və  dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim ounur.

4.2. TSEK-ə təkrar müayinəyə göndərilən əlillər müalicə-profilaktika idarələrində növbədənkənar müayinə edilirlər.

4.3. Müalicə-profilaktika idarələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün məsuliyyət daşıyırlar.

TSEK-ə göndərişin forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.

4.4. TSEK-lər xidmət sahəsindəki idarə, müəssisə və təşkilatların iş rejimini nəzərə almaqla tutulmuş xüsusi iş cədvəli üzrə işləyirlər. Zona TSEK-i iş yükündən asılı olaraq eyni zamanda iki (əsas bazada və səyyar) komissiya yaratmaqla müayinə iclasları apara bilər. Zona TSEK-i xidmət etdiyi hər bir rayonda səyyar müayinə iclasları keçirir. Səyyar müayinə iclaslarının keçirilmə qrafiki və tərkibi zona TSEK sədri tərəfindən müəyyənləşdirilir və Naxçıvan Muxtar Respublikasının Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təsdiq edilir.

4.5. Müvafiq müalicə –profilaktika müəssisələrindən göndəriş daxil olduğu halda şəxs (pasport və ya onu əvəz edən digər sənəd təqdim etməklə) pasport qeydiyyatında olduğu (yaxud faktiki yaşadığı) rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinə olunur. Istehsalat zədəsi və ya peşə xəstəliklərinə görə ilkin müayinə olunan şəxslər peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş təşkilatın yazılı sorğusunu bədbəxt hadisənin baş verməsini təsdiq edən akt, yaxud məhkəmənin qərarı, sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd təqdim edirlər.

Stasionar müalicədə olan şəxslər həmin müəssisənin yerləşdiyi rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinədən keçirilirlər.

4.6. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin  etmək üçün 18 yaşa çatmış və ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən 18 yaşadək uşaqlara sosial pensiya almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçirirlər.

4.7. TSEK-də şəxslərin müayinəsi onların ətraflı yoxlanılması, sorğu aparılması, təqdim edilən tibbi sənədlərin öyrənilməsi əsasında müayinə olunan şəxsin maddi-sosial vəziyyəti, peşə yönümü, yaşı, xəstəliyin diaqnozu, gördüyü işin xüsusiyyətləri nəzərə alınmaqla aparılır.

Xəstənin əmək fəaliyyəti barədə məlumatlar müayinə əsasında (lazım gəldikdə isə xəstənin iş yerinə sorğu edilməklə) müəyyənləşdirilir.

4.8. Müalicə-profilaktika müəssisəsinin göndərişi keyfiyyətsiz doldurulduğu halda iradlar qeyd olunur, yenidən tərtib olunmaq üçün geri qaytarılır.

4.9. Müayinə zamanı xəstənin obyektiv vəziyyəti ilə göndəriş vərəqəsində göstərilən məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə   düzgün  ekspert  qərarı  qəbul  etmək  məqsədi  ilə  xəstənin ambulator kartı və ya xəstəlik tarixindən  çıxarış komissiya tərəfindən sorğu edilir və ya həmin şəxs lazım olan səhiyyə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan tibbi-bərpa müəssisələrinə əlavə müayinəyə göndərilir. Belə hallarda aşkar edilmiş uyğunsuzluqlar aydın şəkildə qeyd olunmaqla müayinənin məqsədi əsaslandırılır.

4.10. Həkim–məsləhət komissiyasının rəyinə görə xəstənin komissiyaya gəlməsi mümkün olmadığı hallarda müayinə evdə və ya vətəndaşın müalicə olunduğu xəstəxanada aparılır.

4.11. Müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir.

Müayinə iclasının sonunda iclasın protokolu bütün müayinə halları daxil edildikdən sonra komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Zona TSEK-in sədri və ya müayinə komissiyasının üzvlərindən  biri komissiyanın çıxaracağı qərarla razılaşmadıqda razı olmayan tərəfin izahatı ayrıca qeyd olunmaqla bütün tibbi-ekspert sənədləri üç gündən gec olmamaq şərti ilə ali pillə ekspertizaya göndərilir. Belə hallarda qərar sonuncular tərəfindən qəbul olunur.

Ilkin qərarın qəbul edilməsində mürəkkəblik yarandığı hallarda, tibbi-ekspert sənədləri məsləhət verilməsi və ya qərar qəbul edilməsi məqsədi ilə ali pillə TSEK-lərinə göndərilir.

4.12. Ilkin əlillik barədə qərarlar zona TSEK-ləri tərəfindən ən geci 5 gün müddətində respublika TSEK-ə göndərilir. Ali pillə TSEK ilkin tibbi-sosial ekspert komissiyalarının qərarlarını qiyabi (şəxsin öz iştirakı olmadan), yaxud əyani (şəxs özü müayinəyə çağırılmaqla) şəkildə nəzarət qaydasında yoxlayıb müvafiq qərar qəbul edir, tibbi-sosial ekspertizası arayışına bu qərarı qeyd edərək sənədləri geri qaytarır.

Nəzarət qaydasında yoxlanması nəzərdə tutulan ilkin əlillik barədə qərarlar göstərilən qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.

4.13. Əlilliyin təyin olunma tarixi ekspertiza üçün tələb olunan sənədlərin tibbi-sosial ekspert komissiyasına daxil olduğu gündən sayılır.

Əlillik dərəcəsi və onun təyin olunma tarixi əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsində qeyd olunur.

4.14. Müayinə başa çatdıqdan sonra tibbi-sosial ekspert komissiyaları 3 gündən gec olmayaraq aşağıdakı sənədləri müvafiq təşkilatlara göndərirlər:

1) pensiya təyinatı aparan orqana müayinə aktından çıxarış;

2) şəxsin işlədiyi idarə, müəssisə və ya təşkilata bildiriş;

3) rayon (şəhər) əmək və əhalinin sosial müdafiəsi mərkəzinə, məşğulluq mərkəzinə və dövlət əmək müfəttişliyinə bildiriş;

4) müalicə-profilaktika idarəsinə komissiyanın qərarı haqqında məlumat;

5) istehsalat xəsarəti və ya peşə xəstəliklərinə görə peşə əmək qabiliyyətinin itirilmə faizi təyin edildikdə idarə, müəssisə və təşkilata göndərmək üçün müayinə aktından müvafiq çıxarış;

6) əlillərin xüsusi nəqliyyat vasitələri ilə təmin olunmasına tibbi göstəriş müəyyən edildiyi hallarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müayinə aktlarından çıxarış.

4.15. Bilərəkdən səhv qərarın qəbulunda və tibbi-sosial ekspert komissiyasının arayışının qanunsuz verilməsində təqsirkar olan şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

4.16. Hər ilin sonunda həm ilkin, həm də ali pillə ekspert komissiyaları   Azərbaycan   Respublikası   Əmək   və  Əhalinin  Sosial Müdafiəsi Nazirliyinə müəyyən edilmiş formada statistik hesabat və konyuktur xülasə verirlər.

4.17. TSEK-in işində istifadə olunan bütün sənədlərin formaları Respublika Dövlət Statistika Komitəsi ilə razılaşdırılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

5. Əlillik müddətinin müəyən edilməsi və tibbi-sosial ekspert komissiyalarının qərarlarından şikayət qaydaları

5.1. Əlillik müddəti «Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə»yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

5.2. Əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin  olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətnin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət  olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir.

5.3. Əlillərin vaxtından əvvəl təkrar müayinə edilməsi və müddətsiz əlillərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı qaydada həyata keçirilir:

- müalicə-profilaktika müəssisəsinin həkim-məsləhət komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəlmişsə, müayinə ilkin pillə tibbi-sosial ekspert komissiyası tərəfindən aparılır;

- şəxslərin ərizələrinə müəssisə, idarə və təşkilat rəhbərlərinin təqdimatına görə aparılmıış yoxlamalar zamanı əlilliyin əsaslı müəyyən edilməsini şübhə altına alan faktlar aşkar edilmişsə, müayinə ali pillə TSEK-lər tərəfindən həyata keçirilir;

- pensiya yaşına çatmış əlillər şəxsi ərizə ilə müraciət etdiyi, yaxud tibbi-sosial ekspert komissiyalarının qərarının saxta sənədlər əsasında çıxarılması aşkar olunduğu hallarda müayinədən keçirilir.

5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert  komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri  3 gün müddətində onun tibbi ekspertiza  sənədlərini və ərizəni ali pillə ekspertiziya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili  əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Şikayət qaydasında  müayinəyə çağırılan əlillərin şikayəti əsaslı olduğu hallarda onların yol xərcləri təqsirkar şəxslər tərəfindən ödənilir.

5.5. Ali pillə ekspert komissiyasının qərarlarından Naxçıvan  Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon (şəhər) məhkəmələrinə şikayət verilə bilər.

5.6. Zona tibbi-sosial ekspert komissiyasının qərarlarından rayon (şəhər) məhkəmələrinə şikayət verilə bilər.

Joomla 1.5