Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının...

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş
şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində
müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası  
və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq
müddətinin artırılmasının müstəsna halları»nın
təsdiq edilməsi haqqında

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və həmin müvəqqəti       yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna halları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


29  aprel 2008-ci il
№  46

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2008-ci il
29 aprel tarixli 46 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş
şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində
müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası  
və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq
müddətinin artırılmasının müstəsna halları

1. Bu Qayda «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydasını, həmçinin həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna hallarını müəyyən edir.
2. Bu Qaydanın müddəaları cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Naxçıvan Muxtar Respublikası ərazisində məskunlaşan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Naxçıvan Muxtar Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
3. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınmış cəza çəkməkdən azad edilmiş şəxslər aşağıdakı hallarda müvəqqəti yaşayış yeri ilə təmin olunurlar:
3.1. yaşayış sahəsi olmadıqda və ya qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlar itirilmişsə;
3.2. yaşayış sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda, cəza çəkməkdən azad edilmiş şəxsin (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) həmin yaşayış sahəsinə yerləşməsinə qəyyumluq və himayə orqanının razılığı olmadıqda.
4. Yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) bir ildən çox olmamaqla, müvəqqəti yaşayış yeri ilə təmin edilirlər.
5. Cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşayış yeri ilə təmin olunarkən, onların hər birinə fərdi yanaşılmalı, sosial mühitə uyğunlaşdırma, hüquq və azadlıqların, qanuni mənafelərin qorunması məsələləri nəzərə alınmalıdır.
6. Cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşayış yeri ilə təmin olunarkən, onların yaşı, cinsi mənsubiyyəti və sağlamlığı nəzərə alınmalıdır.
7. Himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirə salınmadan həyata keçirilir.
8. Cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin olunmaları öz səlahiyyətləri daxilində müvafiq yerli icra hakimiyyəti orqanlarının qərarına əsasən, bu şəxslərin yerləşdirilməsinə nəzarət isə Naxçıvan Muxtar Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən həyata keçirilir.
9. Cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda müvafiq yerli icra hakimiyyəti orqanlarının qərarı əsasında daha bir ilədək uzadıla bilər. Müvəqqəti yaşayış yerində yaşamaq müddətinin artırılmasının müstəsna halları aşağıdakılardır:
9.1. fövqəladə vəziyyətin tətbiq edilməsi;
9.2. hamiləlik dövrü və doğuşdan sonrakı dövr;
9.3. öhdəsində iki və daha çox 14 yaşınadək uşağın olması;
9.4. əlil uşaqları olan qadınlar;
9.5. ağır xəstəliyə tutulma;
9.6. məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusunun olması;
9.7. müharibə veteranı olması.
10. Cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz.
11. Cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yeri yaşayış üçün zəruri tələblərə cavab verməlidir.
12. Cəza çəkməkdən azad edilmiş şəxslərin yerləşdirilməsi bu məqsədlər üçün xüsusi ayrılmış binalarda mənzil sahəsi norması adam başına 8 kv.m müəyyən edilməklə həyata keçirilir.
Cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşayış yeri ilə təmin olunarkən, mənzil sahəsinin yararlığı, su, istilik sistemi, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır.
13. Müvəqqəti yaşayış yerlərinin yaşayış üçün zəruri olan məişət avadanlıqları ilə təmin olunması, həmçinin müvəqqəti yaşayış yerlərinin saxlanılması, təmiri və bərpası ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası  dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14. Bu Qaydanın 13-cü bəndində qeyd olunan tədbirlər bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da maliyyələşdirilə bilər.
15. Cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yerinin kommunal xidmət xərcləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hesabına həyata keçirilir.
16. Cəza çəkməkdən azad edilmiş şəxslər onlar üçün ayrılmış müvəqqəti yaşayış yerindən köçərkən, yaşayış sahəsini onlara təhvil verilən vəziyyətdə müvafiq yerli icra hakimiyyəti orqanlarına təhvil verirlər.
17. Cəza çəkməkdən azad edilmiş şəxslərin təqsiri nəticəsində onlar üçün müvəqqəti ayrılmış yaşayış yerinə zərər vurularsa, dəymiş ziyan həmin şəxsin hesabına aradan qaldırılır.
18. Cəza çəkməkdən azad edilmiş şəxslərlə müvəqqəti yaşayış yerini saxlama qaydalarına əməl olunmasına və müvəqqəti yaşayış yeri ilə təmin edilmə müddəti bitdikdən sonra yaşayış sahəsini boşaltmaqla bağlı öhdəliyə dair müddəaları əks etdirən yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılır.
19. Yaşayış sahəsinin kirayə müqaviləsini qərəzli pozan cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşayış yerindən digər yaşayış sahəsi verilmədən bu Qaydanın 8-ci bəndində göstərilən dövlət orqanlarının qərarı ilə çıxarılır.
Cəza çəkməkdən azad edilmiş şəxslər bu qərardan qanunvericiliyə uyğun olaraq tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilər.

Joomla 1.5