Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasında damazlıqla

bağlı bəzi normativ hüquqi aktların

təsdiq edilməsi haqqında

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının  1.7-ci, 1.8-ci, 1.9-cu və 1.10-cu bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında”  2008-ci il 19 avqust tarixli 190 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Naxçıvan Muxtar Respublikasında yetişdirilən heyvanların cins tərkibinin, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi və uçotunun aparılması Qaydaları”, “Naxçıvan Muxtar Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının aparılması Qaydaları, seleksiya nailiyyətinə olan tələblər və şərtlər”, “Damazlıq ehtiyatlarının sınağı və ekspertizası Qaydaları” və “Ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Baytarlıq Xidmətinə, rayon icra hakimiyyətlərinə və aid təşkilatlara tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                         Ə.Baxşıyev

05  sentyabr 2008-ci il

№  79

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 79 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında yetişdirilən heyvanların cins tərkibinin, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi

və uçotunun aparılması

Q A Y D A L A R I

1. Ümumi müddəa

Bu qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.7-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 190 nömrəli qərarının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yetişdirilən heyvanların cins tərkibinin, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi və uçotunun aparılması qaydalarını müəyyən edir.

2. Heyvanların cins tərkibinin müəyyən edilməsi

2.1. Damazlıq işinin səmərəli təşkili və damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə hər 10 ildə bir dəfə Naxçıvan Muxtar Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayını və damazlıq keyfiyyəti haqqında məlumatları dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.

2.2. Cins heyvanların uçotu haqqında məlumatlar cins heyvanlardan kənd təsərrüfatı müəssisələrində, sahibkarlar, ailə, kəndli və ev təsərrüfatlarında, rayonlarda damazlıq işinin qurulmasında və təkmilləşdirilməsində, seleksiya–damazlıq proqramlarının hazırlanmasında istifadə olunur.

2.3. Heyvanların cins tərkibinin uçotunu aparmaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Statistika Komitəsi ilə birgə əmrinə əsasən komissiya yaradılır.

Cins mal–qaranın və quşların uçotunu aparmaq məqsədilə Dövlət Statistika Komitəsinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən vəsait ayırır.

2.4. Hər bir rayonda, qəsəbə və kənddə zoobaytar mütəxəssislərindən, statistika işçilərindən və bələdiyyə üzvlərindən ibarət yerli komissiyalar yaradılır. Rayon üzrə yaradılmış komissiyaya rayonun baş zootexniki və ya rayonun baş baytar həkimi sədrlik edir. Yaradılmış komissiya cins heyvanların uçotunun vaxtında və keyfiyyətli aparılmasına tam məsuliyyət daşıyır.

2.5. Komissiya ayrı–ayrı heyvan növlərinin cins tərkibini müəyyənləşdirdikdən sonra uçot formalarını doldurur və 3 nüsxədən ibarət yekun cədvəli tərtib edir. Yekun cədvəlinin bir nüsxəsi qəsəbə və kənd bələdiyyəsində qalır, iki nüsxəsi isə rayon komissiyasına verilir. Həmin sənədlər zoobaytar mütəxəssisləri və rayon statistika idarəsinin işçiləri tərəfindən yoxlanılıb yekunlaşdırıldıqdan sonra mərkəzi komissiyaya təqdim edilir.

2.6. Damazlıq pasportu (şəhadətnaməsi) olan mal–qara və quşların cins tərkibini müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi ilə birgə statistik hesabat formaları hazırlayır.

Komissiya tərəfindən qəbul olunmuş sənədlər yoxlandıqdan sonra yekunlaşdırılaraq, bülleten şəklində buraxılması təmin edilir.

2.7. Mal–qaranın cinsi və sinfi mövcud olan məlumatlara və sənədlərə əsasən müəyyən edilir.

2.8. Kökəlməyə qoyulmuş və çıxdaş edilmiş, damazlığa yaramayan heyvanlar uçota alınmırlar.

3. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayının müəyyən edilməsi

3.1. Naxçıvan Muxtar Respublikasında olan cins heyvanların uçotu bütün təsərrüfat kateqoriyalarında: damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisələri məhdud məsuliyyətli cəmiyyətlərində və özəl damazlıq təsərrüfatlarında, quşçuluq fabriklərində, aqrofirmalarda, tədris təcrübə təsərrüfatlarında fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılır.

3.2. Damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətinin səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, pasportu (şəhadətnaməsi) olan bütün damazlıq heyvanlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən uçota alınır.

3.3. Damazlıq heyvanların dövlət reyestri damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

3.4. Heyvanların cins tərkibinə baxış keçirilərkən, damazlıq pasportu (şəhadətnaməsi) şəxsən təqdim edilir və komissiya tərəfindən nəzərdən keçirilir.

3.5. Damazlıq pasportu (şəhadətnaməsi) olan heyvanların ayrıca uçotu aparılır və onların verilməsi tarixi, nömrəsi və kim tərəfindən verildiyi qeyd olunur.

3.6. Damazlıq pasportu (şəhadətnaməsi) olan heyvanların sayı müəyyənləşdirildikdən sonra onlardan rayonlarda, qəsəbə və kəndlərdə damazlıq işində istifadə edilir.

4. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların uçotunun aparılması

4.1. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların uçotu Dövlət Statistika Komitəsi tərəfindən ildə bir dəfə aparılır.

4.2. Dövlət Statistika Komitəsinə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanlar barədə məlumatları şəhər və rayon icra hakimiyyətlərinin kənd təsərrüfatı şöbələri və baytarlıq idarələri verirlər.

4.3. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların uçotuna onun baş sayı, sinfi və məhsuldarlıq göstəriciləri daxil edilir.

4.4. Damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanın   hərəkəti yerli icra orqanları tərəfindən izlənilir və onun uçotunda qeyd olunur.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 79 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının

aparılması Qaydaları, seleksiya nailiyyətinə

olan tələblər və şərtlər

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Naxçıvan Muxtar Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması qaydalarını və patentləşdirilməsini, həmin heyvanların sınağının aparılmasını, seleksiya nailiyyətinə olan tələblərin və şərtlərin müəyyən edilməsini tənzimləyir.

1.2. Naxçıvan Muxtar Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun olaraq qeydə alınır və patentləşdirilir.

2. Yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması

2.1. Cinsin müəllifi yeni seleksiya nailiyyətinin yaradılması üzrə növbəti iş mərhələsi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət edir.

2.2. Müəllif öz ərizəsində seleksiya nailiyyətinin aparılması metodları, əldə olunan nəticələr barədə ətraflı məlumat verir.

2.3. Müəllif tərəfindən yeni yaradılan seleksiya nailiyyətində seleksiya işinin məqsəd və nəticələri, heyvanların təsərrüfat faydalılığı, bioloji, zootexniki, eksteryer xüsusiyyətləri və yemləmə şəraiti, məhsulun emal sənayesi şəraitinə uyğunluğu, yaradılma metodları, geneoloji strukturu və iqtisadi səmərəliliyi xarakterizə edilməlidir.

2.4. Hər seleksiya nailiyyəti üçün ərizə verilir.

2.5. Seleksiya nailiyyətləri haqqında müəlliflərin materiallarına Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasında (bundan sonra–Dövlət Komissiyası) baxıldıqdan sonra yeni yaradılmış və yaxşılaşdırılmış seleksiya nailiyyəti barədə Nazirliyin mərkəzi aparatına məlumat verilir.

2.6. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, yeni seleksiya nailiyyətinin tanınması barədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən müəlliflərə şəhadətnamə, seleksiya nailiyyətinə marka və qanunvericiliyə uyğun patent verilir.

3. Müəlliflik şəhadətnaməsi verilməsinin sənədləşdirilməsi

3.1. Yeni heyvan cinsinin (seleksiya nailiyyətinin) yaradılması Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edildikdən sonra 1 ay müddətində yeni seleksiya nailiyyəti yaratmış müəllif və ya təşkilat Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə forma üzrə anket verməlidir.

3.2. Dövlət qeydiyyatından keçdikdən sonra Dövlət Komissiyası tərəfindən müəlliflərə şəhadətnamə və patent verilir.

4. Yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi patentləşdirilməsi

4.1. Yeni heyvan cinsi yaradan şəxslər həmin seleksiya nailiyyətinin müəllifləri sayılırlar.

4.2. Patent üzrə ərizəni yeni heyvan cinsi yaratmış seleksiya nailiyyətinin müəllifləri və ya onların hüquqi varisləri verə bilərlər.

4.3. Dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətinin müəlliflərinə 1 ay müddətində Dövlət Komissiyası tərəfindən patent verilir.

4.4. Patent verilməsi haqqında ərizədə bir neçə müəllif göstərildikdə, onların adına bir patent verilir.

4.5. Patent almaq üçün aşağıdakı sənədlərin təqdim olunması zəruridir:

4.5.1. seleksiya nailiyyətinə patent verilməsi üçün ərizə;

4.5.2. seleksiya nailiyyətinin təsvirini və əlamətlərini əks etdirən anket;

4.5.3. tələb olunan rüsumların ödəniş qəbzi.

4.6. Patent üçün verilən ərizədə seleksiya nailiyyətinə müəllifin təklif etdiyi və səlahiyyətli orqanın qəbul etdiyi ad verilir.

4.7. Yeni heyvan cinsinin yaranması ilə bağlı seleksiya nailiyyətinin adı, zooloji növə aid mövcud adlardan fərqlənməli və qısa olmalıdır.

4.8. Seleksiya nailiyyətinin adı ərizəçinin xahişi ilə patent verilənə qədər dəyişdirilə bilər.

4.9. Patent sahibinə seleksiya nailiyyətindən müstəsna hallarda istifadə etmək hüququ verilir və onun hüququ dövlət tərəfindən qorunur. Patent sahibinin icazəsi olmadan seleksiya nailiyyətindən istifadə edilə bilməz.

4.10. Patent sahibi patent hüququnu tamamilə və ya qismən başqa hüquqi və fiziki şəxslərə sata, bağışlaya və istifadəyə verə bilər.

4.11. Dövlət Komissiyası aşağıdakı xidmətlərə görə rüsumlar alır:

4.11.1. patent almaq üçün seleksiya nailiyyətinin ekspertizasına və sınağına sifariş verdikdə;

4.11.2. patent verilməsinə;

4.11.3. seleksiya nailiyyətinin mühafizə olunmasına.

4.12. Patent verilmiş seleksiya nailiyyətlərindən istifadə olunmasına dair lisenziya müəlliflərlə istifadəçilər arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

4.13. Lisenziya müqaviləsi yazılı formada bağlanır və müvafiq qaydada Dövlət Komissiyasında qeydə alındıqdan sonra qüvvəyə minir.

4.14. Seleksiya nailiyyətinin dövlət reyestrində qeydiyyatdan keçdiyi tarixdən yeni yaradılmış heyvan cinsləri üçün patentin fəaliyyət müddəti 25 il nəzərdə tutulur.

5. Yeni yaradılan heyvan cinslərinin sınağının aparılması

5.1. Yeni yaradılan heyvan cinslərinin sınağı Dövlət Komissiyası tərəfindən aparılır.

5.2. Seleksiya nailiyyətlərinin sınağı damazlıq təsərrüfatlarında, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq Institutunda, təcrübə heyvandarlıq stansiyalarında, ippodromlarda, ixtisaslaşmış laboratoriyalarda, süni mayalama mərkəzlərində həyata keçirilir.

5.3. Dövlət Komissiyası ilə müqaviləsi olan digər təşkilatlar tərəfindən də yeni heyvan cinslərinin sınağı keçirilir.

5.4. Yeni heyvan cinslərinin sınağını həyata keçirən təşkilatların fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

5.5. Fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqlar hər bir heyvan cinsi üzrə hazırlanmış metodika əsasında aparılır və sınaqdan keçirilir.

5.6. Yeni heyvan cinslərinin sınaq müddəti 3 il nəzərdə tutulur.

5.7. Yeni heyvan cinslərinin sınağı təsərrüfat əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində aparılır.

5.8. Yeni yaradılan qaramal cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.8.1. yeni yaradılan qaramal cinsinin kompleks əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 6 aylıq 50 baş erkək və 50 baş dişi dana, 50 baş (5-6 aylıq boğaz) düyə və 24 aylıq 20 baş törədici seçilir;

5.8.2. sınaq müddətində yeni yaradılan qaramal cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, süd məhsuldarlığına, süddə yağın və zülalın miqdarına, çəki artımına, südvermə sürətinə, fizioloji və təsərrüfat yetişkənliyinə, yelinin qurluşuna görə uyğun nəticələri qeydiyyata alınır və Dövlət Komissiyasının təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.8.3 yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.8.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni cins digər əlamətlərinə görə də qiymətləndirilir.

5.9. Yeni yaradılan qoyun cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.9.1. yeni yaradılan qoyun cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 100 baş ana qoyun, 30 baş törədici qoç, 100 baş şişək və 100 baş erkək toğlu seçilir;

5.9.2. sınaq müddətində yeni yaradılan qoyun cinsi eksteryer əlamətlərinə, yunun növünə, miqdarına, keyfiyyətinə, yun məhsuldarlığına, bala vermə qabiliyyətinə, tezyetişkənliyinə, diri çəkisinə və digər göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Dövlət Komissiyasının təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.9.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.9.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni qoyun cinsi digər əlamətlərinə görə də qiymətləndirilir.

5.10. Yeni yaradılan at cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.10.1. yeni yaradılan at cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 2,5 yaşında olan 10 baş dişi dayça və 10 baş erkək dayça, 5 yaşında olan 20 baş madyan və 5 baş ayğır seçilir;

5.10.2. sınaq müddətində yeni yaradılan at cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, ət və süd məhsuldarlığına, güc, qaçış və s. göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Dövlət Komissiyasının təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.10.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 5 faizdən çox olmamalıdır;

5.10.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni at cinsi digər əlamətlərinə görə də qiymətləndirilir.

5.11. Yeni yaradılan toyuq cinsi fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqdan keçirilərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

5.11.1. yeni yaradılan toyuq cinsinin əlamətlərinə görə qiymətləndirilməsi zamanı sınaq üçün 100 ədəd yumurta, cinsiyyəti müəyyən edilmiş 100 baş sutkalıq cücə, ətlik istiqamətli 35 günlük 50 baş xoruz və      50 baş fərə, 150 günlük 15 baş xoruz və 100 baş fərə seçilir;

5.11.2. sınaq müddətində yeni yaradılan toyuq cinsi eksteryer əlamətlərinə, diri çəkisinə, yumurta məhsuldarlığına, məhsuldarlıq istiqamətinə, yumurtanın kütləsinə, cücə çıxımı faizinə və digər göstəricilərinə görə uyğun nəticələri qeydiyyata alınır və Dövlət Komissiyasının təsdiq etdiyi metodikaya əsasən qiymətləndirilir;

5.11.3. yaradılan yeni cinsdə oxşarlığa və sabitliyə görə uyğun olmayan əlamətlər 10 faizdən çox olmamalıdır;

5.11.4. zərurət yaranarsa, sınaqdan keçirilən yeni toyuq cinsi digər əlamətlərinə görə qiymətləndirilir.

6. Seleksiya nailiyyətinə olan tələblər və şərtlər

6.1. Seleksiya nailiyyəti hesab olunan yeni yaradılmış heyvan cinslərinə aşağıdakı tələblər və şərtlər qoyulur:

6.1.1. əlamətləri nəslə davamlı olaraq keçirən, əcdadı bəlli olan və eksteryer, məhsuldarlıq və digər göstəricilərin xarakteri və xüsusiyyətinə görə oxşar olan kifayət sayda heyvanların mövcudluğu;

6.1.2. dövlət və özəl damazlıq müəssisələrində aprobasiya edilən cinslərin, cins qruplarının, tiplərinin, xətlərinin, kənd təsərrüfatı heyvanlarının yetişdirildiyi lazımi sayda damazlıq təsərrüfatlarının və fermaların (reproduktorların) mövcud olması;

6.1.3. aprobasiya zamanı aprobasiyaya təqdim edilmiş seleksiya nailiyyətlərində minimal struktur vahidlərinin olması;

Seleksiya nailiyyətinin kateqoriyası

Miqdarı

zavod xətləri

xətlərdə qruplar

xətlərdə ailələr

Yeni cins

6

12

12

Yeni cins qrupu

3

6

6

Cinsdaxili (bölgə) tip

3

6

6

Yeni zavod tipi

2

4

4

Yeni zavod xətti

-

2

2

Uzlaşan zavod xətlərinin yeni

kompleksi

2

4

4

Quşçuluqda yeni cinsdə ən azı 6 zavod xətti və 10 ailə, yeni cins qrupunda ən azı 3 zavod xətti və 60 ailə, yeni zavod xəttində ən azı 20 ailə, uyğun gələn zavod xətlərinin yeni kompleksində ən azı 2 zavod xətti və 40 ailə olmalıdır.

Balıqçılıqda yeni cinsdaxili tipdə ən azı 2 zavod xətti, yeni cins qrupunda ən azı 2 zavod xətti olmalıdır.

Arıçılıqda yeni cinsdaxili tipdə, yaxud yeni cins qrupunda ən azı 2 zavod xətti, yeni cinsdə ən azı 4 zavod xətti olmalıdır.

6.1.4. yeni yaradılan heyvan cinsində əldə olunan faydalı, bioloji, eksteryer, təsərrüfat və digər göstəricilərin həmin bölgədə mövcud heyvanların müvafiq göstəricilərindən üstün olması;

6.1.5. istər təmizlikdə yetişdirmədə, istərsə də cinslərarası çarpazlaşdırmada və uyğun gələn zavod xətlərinin cinslərarası krosslarında məhsuldarlıq, eksteryer və digər xüsusiyyətlərin nəslə davamlı keçirilməsi;

6.1.6. heyvanların məhsuldarlıq səviyyəsini və damazlıq keyfiyyətlərini təsdiq edən zootexniki sənədləşmənin, yeni yaradılan yaxud yaxşılaşdırılan mövcud cinsin, yeni cins qrupunun, cinsdaxili və zavod tiplərinin, zavod xətlərinin, uyğun gələn zavod xətləri komplekslərinin yaradılması üsullarının,həmçinin müəyyən olunmuş qaydada təsdiq edilmiş damazlıq işi planının və cinslə, cins qrupu ilə, tiplə, xətlə və uyğun gələn zavod xətti kompleksi ilə işin metodikasının mövcudluğu;

6.1.7. yeni yaradılan yaxud yaxşılaşdırılmış mövcud cinslərin, cins qruplarının, tiplərin, xətlərin, uzlaşan zavod xətləri kompleksi ilə işin metodikasının mövcudluğu.

6.2. Cins heyvanların keyfiyyətinə, onların məhsuldarlığının səviyyəsinə və xarakterinə tələblər bütün seleksiya nailiyyətləri üçün eynidir.

6.3. Yeni yaradılan heyvan cinsində əldə olunan seleksiya nailiyyəti hər bir cins üçün xarakterik olan standart göstəricilərdən üstün olmalıdır.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr tarixli 79 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Damazlıq ehtiyatlarının sınağı və ekspertizası

Q a y d a l a r ı

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Naxçıvan Muxtar Respublikasında damazlıq ehtiyatlarının sınaqdan keçirilməsi və ekspertizası qaydalarını müəyyən edir.

1.2. Damazlıq ehtiyatına (məhsuluna, materialına) damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri və embrionları daxildir.

2. Damazlıq ehtiyatlarının sınaqdan keçirilməsi

2.1. Damazlıq ehtiyatlarının sınağı damazlıq təsərrüfatlarında, təcrübə heyvandarlıq stansiyalarında, ippodromlarda, ixtisaslaşmış laboratoriyalarda, süni mayalama mərkəzlərində həyata keçirilir.

2.2. Damazlıq ehtiyatlarının sınağını həyata keçirən subyektlərin fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

2.3. Fiziki və hüquqi şəxs tərəfindən sınaqdan keçiriləcək damazlıq ehtiyatının mənşəyini, məhsuldarlığını, diri çəkisini və eksteryer göstəricilərini əks etdirən ilkin sənədlər və tələb olunan göstəricilər sınağı keçirən təşkilatlara təqdim edilir.

2.4. Damazlıq törədici heyvanlar dölvermə, damazlıq keyfiyyətlərini və məhsuldarlığını xarakterizə edən irsi əlamətləri nəslə keçirmə, xarici mühitə davamlılıq qabiliyyətlərini müəyyən etmək üçün sınaqdan keçirilir.

2.5. Seleksiya nailiyyəti kimi qeydə alınmış damazlıq ehtiyatının sınaqlarının nəticələri dövlət damazlıq kitabına və dövlət damazlıq reyestrinə yazılır. Damazlıq ehtiyatları sınaqlarının nəticələri seleksiya–damazlıq işində istifadə olunur.

2.6. Damazlıq ehtiyatları sınağının nəticələrinə əsasən onların istifadə təyinatı müəyyən olunur.

2.7. Damazlıq ehtiyatlarının sınaqdan keçirilməsi barədə sifarişçilərlə hüquqi şəxs statusuna malik olan sınaq keçirən təşkilatlar arasında müqavilə bağlanılır.

2.8. Sınaqdan keçirmək üçün sifarişçi vaxtında tələb olunan miqdarda damazlıq ehtiyatlarını təqdim edir.

2.9. Damazlıq ehtiyatı genotip və fenotip cəhətdən oxşarlığa, təkrar istehsalda əsas əlamətlərinin sabit və dəyişməzliyinə görə 1 il müddətində qiymətləndirilir.

3. Damazlıq ehtiyatlarının ekspertizası

3.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını təmin etmək məqsədilə damazlıq   ehtiyatlarının sınağı və ekspertizası keçirilir.

3.2. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorları, fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri, genobanklar, immunogenetik ekspertiza və seleksiya məqsədilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyaları daxildir.

3.3. Damazlıq ehtiyatı sınağının nəticələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin seleksiya nailiyyətlərinin sınağı və ekspertizası üzrə Dövlət Komissiyası tərəfindən ilkin ekspertizadan keçirilir. Təqdim olunan sənədlər (ərizə, anket, fotoşəkil, seleksiya nailiyyətinin təsviri) 1 ay müddətində təhlil olunur.

3.4. Damazlıq ehtiyatlarının sınaq nəticələrinin ilkin ekspertizasında tələb edilən sənədlər (ərizə, anket, fotoşəkil, seleksiya nailiyyətinin təsviri) təqdim olunmadıqda, müraciətə baxılmır və bu barədə hüquqi və fiziki şəxslərə məlumat verilir.

3.5. Damazlıq ehtiyatlarının ekspertizasını Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyası aparır.

3.6. Damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 05

sentyabr  tarixli 79 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Muxtar Respublikadan kənara çıxarılmasına məhdudiyyət

qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının

S I Y A H I S I

1. Ümumi müddəa

Bu siyahı «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516–III Q nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.10-cu bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» 2008-ci il 19 avqust tarixli 190 nömrəli qərarının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

2. Muxtar Respublikadan kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq ehtiyatlarının siyahısı

2.1. Nadir genotipə malik, məhv olmaq təhlükəsi olan heyvan nümunələrinin Muxtar Respublikadan çıxarılmasına məhdudiyyət qoyulur.

2.2. Muxtar Respublikadan kənara çıxarılmasına məhdudiyyət qoyulan ən yüksək məhsuldar damazlıq heyvanların, arıların, ipək qurdlarının və digər damazlıq ehtiyatlarının siyahısı:

2.2.1. Azərbaycan Qonur Qafqaz malı;

2.2.2. Mürrah camış cinsi;

2.2.3. Azərbaycan zebusu;

2.2.4. Balbas qoyun cinsləri;

2.2.5. Qabaqtəpə arı cinsi və Lənkəran boz arı populyasiyası.

2.3. Damazlıq məqsədilə yetişdirilib ehtiyac olarsa, xaricə satılmaq üçün ayrılan heyvanlar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə qanunvericiliyə uyğun olaraq Muxtar Respublikadan ixrac edilə bilər.

Joomla 1.5