Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2008 «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli...

«Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli...

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının toxum,
gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək  verilməsi  ilə əlaqədar  bəzi  məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il
22 sentyabr tarixli 226 nömrəli qərarı haqqında

«Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi  ilə əlaqədar bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. «Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
3. «Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı istehsalçılarına satılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti və «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti 2008-2009-cu illərdə idxal olunan buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların təsdiq olunmuş qaydalara uyğun muxtar respublikanın kənd təsərrüfatı məhsulu istehsalçılarına satılmasını təmin etsinlər.
5. «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, müvafiq bankda xəzinə hesabı açır və idxal olunmuş buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların istehsalçılara güzəştli şərtlərlə satışından toplanan vəsaitlərin həmin xəzinə hesabına köçürülməsini təmin edir.
6. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə öz səlahiyyətləri daxilində buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına güzəştli şərtlərlə satılmış yüksək reproduksiyalı buğda toxumunun və mineral gübrələrin istifadəsinə, 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların idxalına və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmış damazlıq heyvanlara zoobaytar tədbirlərinin vaxtında həyata keçirilməsinə əməli köməklik göstərsinlər.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


07 oktyabr 2008-ci il
№  89

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 07

oktyabr tarixli 89  nömrəli qərarı ilə

təsdiq edilmişdir

Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal

olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması

QAYDALARI

1. Ümumi maddəalar

1.1. Bu Qaydalar «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun (bundan sonra – buğda toxumu) güzəştli şərtlərlə satılmasını tənzimləyir.

1.2. Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına (bundan sonra - istehsalçı) dövlət vəsaiti hesabına idxal olunan buğda toxumunun güzəştli şərtlərlə satılmasında əsas meyar yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın ödənilməsi və istehsalının artırılması götürülür. Satılan buğda toxumunun miqdarı hər hektar əkin sahəsinə görə 200 kiloqram müəyyən edilir və onun satış qiymətinin 50 faizinə dövlət tərəfindən güzəşt verilir.

2. Yüksək reproduksiyalı buğda toxumunun

güzəştli şərtlərlə satılması qaydası

2.1. «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət)  tərəfindən  dövlət  vəsaiti  hesabına  istehsalçılara

idxal olunan buğda toxumunun satılması ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:

Komissiyanın sədri

rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini;

Komissiyanın üzvləri:

rayon icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş aqronomu) və ya məsləhətçisi (aqronomu);

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon dövlət toxum müfəttişliyinin nümayəndəsi;

Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin  rayon torpaq şöbəsinin səlahiyyətli nümayəndəsi.

2.2. Buğda toxumunu almaq istəyən istehsalçı rayon komissiyasına ərizə ilə müraciət edir.

2.3. Rayon komissiyası istehsalçının ərizəsinə 3 (üç) iş günü müddətində baxır (istehsalçının şəraitinə, toxumçuluq sahəsində təcrübəsinə və şəhadətnaməsinə) və ona yazılı surətdə öz rəyini bildirir.

2.4. Güzəştli qiymətlə buğda toxumunu almaq istəyən toxum istehsalçısı Cəmiyyətə ərizə ilə müraciət edir və ərizəyə rayon komissiyasının rəyini, toxum istehsalı ilə məşğul olmasını təsdiqləyən şəhadətnaməsinin, şəxsiyyətini təstiqləyən (şəxsiyyət vəsiqəsinin və ya dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin) və istifadə etdiyi torpaq sahəsinə dair sənədlərin surətlərini əlavə edir.

2.5. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və buğda toxumunun 50 faiz güzəştlə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankda xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.

2.6. Istehsalçı alacağı buğda toxumunun qiymətinin 50 faizini qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. Istehsalçı ödənişi təsdiqləyən bütün sənədləri Cəmiyyətə təqdim edir.

2.7. Cəmiyyət buğda toxumunun dəyərinin 50 faizinin güzəştlə ödənilməsini təsdiqləyən bank sənədlərinə əsasən istehsalçı ilə buğda toxumunun buraxılmasına dair qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatını həyata keçirir.

2.8. Istehsalçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada gözlənilən məhsulun sığortalanmasını təmin edir.

2.9. Güzəştli qiymətlə alınmış yüksək reproduksiyalı buğda toxumunun səpini rayon komissiyasının nəzarəti altında aparılır və səpinin yekunu barədə 3 (üç) nüsxədən ibarət akt tərtib olunur. Həmin akt rayon (şəhər) komissiyasının sədri tərəfindən təsdiq olunaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə təqdim edilir.

3. Hesabat və nəzarət

3.1. Cəmiyyət buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması barədə məlumatı (icmal cədvəl) Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).

3.2. Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir

4. Məsuliyyət

Bu Qaydaların tələblərini pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

5. Mübahisələr

Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.


«Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları»na

əlavə

Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması barədə məlumat

(ICMAL CƏDVƏL)

Buğda toxumu alan istehsalçının soyadı və adı

Istehsalçının fəaliyyət göstərdiyi rayon (şəhər) və kəndin adı

Istehsalçının mülkiyyətində və ya icarəsində olan əkin sahəsi

(ha)

Ondan buğda toxumu səpiləcək sahə

(ha)

1 hektar  sahəyə səpiləcək buğda toxumunun norması (kq)

Satılmış buğda toxumunun satış qiyməti (manat)

1 kq buğda toxumunun satış qiyməti (manat)

50 faiz güzəştli şərtlərlə satılan buğa toxumunun dəyəri (manat)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan «Aqrolizinq» Açıq Səmdar

Cəmiyyətinin baş direktoru

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 07

oktyabr tarixli 89 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və dövlət vəsaiti hesabına  «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan mineral gübrələrin buğda istehsalı  ilə məşğul  olan dövlət və özəl təsərrüfatlara güzəştli şərtlərlə satılmasını tənzimləyir.

1.2. Buğda istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlara (bundan sonra-istehsalçı) dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə satılmasında  əsas meyar buğda toxumuna və ərzaq buğdasına olan tələbatın ödənilməsi və istehsalının artırılması götürülür. Satılan mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqram müəyyən edilir və onun satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilir.

2. Mineral gübrələrin güzəştli şərtlərlə satılması qaydası

2.1. «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- Cəmiyyət) tərəfindən dövlət vəsaiti hesabına idxal olunan  mineral gübrələrin  satılması ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:

Komissiyanın sədri

rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini;

Komissiyanın üzvləri:

rayon (şəhər) icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş aqronomu) və ya məsləhətçisi (aqronomu);

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon bitki mühafizə stansiyasının nümayəndəsi;

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon dövlət toxum müfəttişliyinin nümayəndəsi;

Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon torpaq şöbəsinin nümayəndəsi.

2.2. Mineral gübrə almaq istəyən istehsalçı müəyyən olunmuş qaydada rayon komissiyasına ərizə ilə müraciət edir.

2.3. Rayon komissiyası istehsalçının ərizəsinə 3 (üç) iş günü müddətində baxır və ona mövcud qaydalara uyğun yazılı surətdə öz rəyini bildirir.

2.4. Güzəştli qiymətlə mineral gübrə almaq istəyən istehsalçı Cəmiyyətə ərizə ilə müraciət edir və ərizəyə rayon komissiyasının rəyini, şəxsiyyətini təsdiqləyən (şəxsiyyət vəsiqəsinin və ya dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin) və istifadə etdiyi torpaq sahəsinə dair sənədlərin surətlərini əlavə edir.

2.5. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və mineral gübrələrin 70 faiz güzəştlə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.

2.6. Istehsalçı alacağı mineral gübrələrin qiymətinin 30 faizini qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. Istehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.

2.7. Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalçı arasında mineral gübrələrin buraxılmasına dair qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı keçirir.

2.8. Güzəştli qiymətlə alınmış mineral gübrənin buğda əkin sahəsinə verilməsi rayon komissiyasının nəzarəti altında aparılır və yekunu barədə 3 (üç) nüsxədən ibarət akt tərtib olunur. Həmin akt rayon (şəhər) komissiyasının sədri tərəfindən təsdiq olunaraq,  Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə təqdim edilir.

3. Hesabat və nəzarət

3.1. Cəmiyyət buğda istehsalı ilə məşğul olan istehsalçıya dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə satılması barədə məlumatı (icmal cədvəli) Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).

3.2. Mineral gübrələrin 70 faiz güzəştli şərtlərlə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. Məsuliyyət

Bu Qaydaların tələblərini pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyır.

5. Mübahisələr

Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr  mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.

 

«Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları»na

əlavə

Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə

buğda istehsalçılarına satılması barədə məlumat

(ICMAL CƏDVƏL)

Mineral gübrə alan istehsalçının soyadı və adı

Istehsalçının fəaliyyət göstərdiyi rayon (şəhər) və kəndin adı

Buğda səpiləcək sahə

(ha)

1 hektar  buğda əkin sahəsinə veriləcək mineral gübrənin norması (kq)

Satılmış mineral gübrənin miqdarı (kq)

1 kq mineral gübrənin satış qiyməti (manat)

Satılmış mineral gübrənin dəyəri (manat)

70 faiz güzəştli şərtlərlə satılan mineral gübrənin dəyəri (manat)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 07

oktyabr tarixli 89 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və dövlət vəsaiti hesabına «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xaricdən idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına (bundan sonra istehsalçı) satılması qaydalarını müəyyən edir.

1.2. Dövlət vəsaiti hesabına xaricdən idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə satılmasında əsas meyar ölkə ərazisində damazlıq heyvandarlığın inkişaf etdirilməsi və onların baş sayının artırılması nəzərdə tutulur.

2. Idxal olunmuş damazlıq heyvanların 50 faiz güzəştlə

lizinq yolu ilə satılması qaydaları və şərtləri

2.1. Cəmiyyət dövlət vəsaiti hesabına idxal etdiyi damazlıq heyvanların Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin təklifinə əsasən zoobaytar tələblərinə cavab verən tövlələrdə karantin dövründə  saxlanılmasını, xəstəliklərə qarşı yoxlanılmasını, qanunvericilikdə  nəzərdə tutulmuş qaydada tam  dəyərində  sığortalanmasını təmin edir, lazım gəldikdə isə qanuna müvafiq qaydada tədbirlər görür:

2.2. «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən xaricdən idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə  lizinq yolu ilə istehsalçılara satılması işinin təşkili üçün rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:

Komissiyanın sədri

rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini;

Komissiyanın üzvləri:

rayon (şəhər) icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş zootexniki) və ya məsləhətçisi (zootexniki);

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq idarəsinin nümayəndəsi;

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq laboratoriyasının nümayəndəsi;

2.3. 50 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə rayon (şəhər) komissiyasına müraciət edir.

2.4. Rayon (şəhər) komissiyası istehsalçının ərizəsinə əsasən 3 (üç) iş günü ərzində istehsalçının iştirakı ilə damazlıq heyvanın saxlanılma şəraitini, yemlə təminatını, zoobaytar tədbirlərinin aparılmasının vəziyyətini yerində yoxlayır və istehsalçıya damazlıq heyvanın lizinq yolu ilə satılıb satılmaması barədə yazılı surətdə rəyini bildirir.

2.5. Güzəştli şərtlərlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə Cəmiyyətə müraciət edir və ərizəyə rayon (şəhər) komissiyasının rəyini və şəxsiyyətini təsdiqləyən sənədlərin (dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin) surətini əlavə edir.

2.6. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və damazlıq heyvanın lizinq yolu ilə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.

2.7. Istehsalçı lizinq yolu ilə damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. Istehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.

2.8. Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən, Cəmiyyətlə istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı keçirilir və 3 (üç) il müddətinə lizinq müqaviləsi bağlanılır.

2.9. Istehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı  damazlıq heyvanı:

2.9.1. dəyəri tam ödənilənədək sata, bağışlaya, kəsə bilməz.

2.9.2. saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir.

2.10. Istehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir.

3. Hesabat və nəzarət

3.1. Cəmiyyət 2008-2009-cu illərdə dövlət vəsaiti hesabına idxal etdiyi damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması barədə məlumatı (icmal cədvəl) Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).

3.2. Istehsalçılara dövlət vəsaiti hesabına idxal olunmuş damazlıq heyvanların güzəştli qiymətlərlə  lizinq yolu ilə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. Məsuliyyət

Bu Qaydaların tələblərini pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyır.

5. Mübahisələr

Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr  mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.

 

«Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları»na

əlavə

Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz  güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması barədə məlumat

(ICMAL CƏDVƏL)

Damazlıq heyvan alan istehsalçının soyadı və adı

Istehsalçının fəaliyyət göstərdiyi rayon (şəhər) və kəndin adı

Satılan damazlıq heyvanın sayı

(baş)

1 baş damazlıq heyvanın satış qiyməti (manat)

Satılan damazlıq heyvanların ümumi dəyəri (manat)

50 faiz güzəştli şərtlərlə satılan damazlıq heyvanların dəyəri (manat)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan «Aqrolizinq» Açıq Səmdar

Cəmiyyətinin baş direktoru

Joomla 1.5