Naxçıvan Muxtar Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2009 Naxçıvan Muxtar Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasında arıçılıqla bağlı bəzi 
normativ hüquqi aktların təsdiq edilməsi haqqında

«Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası», «Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması», «Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası», «Dövlət seleksiya¬damazlıq (genofond) arıxanalarının yaradılması Qaydası», «Arıçılıq təsərrüfatlarının uçotu Qaydası», «Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması», «Arı ailəsinin standart gücünün müəyyən edilməsi Qaydası», «Rayonlaşdırılmamış arı cinslərinin Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilməsi Qaydası» və «Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin Siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi və Dövlət Baytarlıq Xidməti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


13 avqust 2009-cu il
№ 57

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 13
avqust tarixli 57 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

 

Həvəskar və peşəkar arıçılıqla məşğul olma
QAYDASI

  1. 1. Ümumi müddəa

Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır, həvəskar və peşəkar arıçılıqla məşğul olma qaydasını müəyyən edir.

2. Həvəskar arıçılıqla məşğul olma

2.1. Azərbaycan Respublikasının vətəndaşları, hüquqi və fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər həvəskar və peşəkar arıçılıqla məşğul ola bilərlər.

2.2. Əsas iş yerindən əlavə, məşğuliyyət kimi özəl təsərrüfatında standart gücə uyğun arıxanası olan şəxslər həvəskar arıçılardır.

2.3. Həvəskar arıçılar arıçılıqla əlaqədar bilikləri, qulluq və saxlama qaydalarını onlar üçün təşkil edilmiş kurslarda, peşəkar arıçılardan, bu sahəyə aid ədəbiyyatdan və təlimatlardan       öyrənirlər.

2.4. Həvəskar arıçı «Arıçılıq haqqında» Azərbaycan Respub­likasının Qanununda göstərilən tələblərə ciddi əməl edir.

2.5. Həvəskar arıçılıq təsərrüfatlarına baytarlıq (baytarlıq  sanitariya) pasportu (şəhadətnaməsi) verilir.

3. Peşəkar arıçılıqla məşğul olma

3.1. Peşəkar arıçılara arıçılıq sahəsində kursları, ali, orta və   peşə məktəblərini bitirən, standart gücə uyğun arı ailəsi saxlayan fiziki və hüquqi şəxslər daxildirlər.

3.2. Peşəkar arıçı arıxanada damazlıq-seleksiya işlərini aparır,  bu sahəyə elmin nailiyyətlərini və qabaqcıl təcrübəni tətbiq edir,  damazlıq işini yaxşılaşdırmaq məqsədilə ana arıları və arı ailələri yetişdirib satır.

3.3. Yüzdən artıq arı ailəsi olan, mövcud yerli standartlara   cavab verən, 100 faiz arı genofonduna uyğun təmizlikdə yetişdirilən, arıxanada arı ailəsinin 40 faizi yüksək bonitirə sinfinə aid olan və hər arı ailəsindən 15-20 kq bal alan təsərrüfatlar peşəkar arıçının arıxanası hesab edilir.

3.4. «Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 31 iyul tarixli 175    nömrəli qərarına əsasən özəl damazlıq işi ilə məşğul olan peşəkar arıçının arıxanası standart gücə malik arı ailələrindən ibarət olduğu təqdirdə, dövlət reyestrinə daxil edilir və onlara Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi verilir.

3.5. Bütün peşəkar arıçılıqla məşğul olan təsərrüfatlara  baytarlıq-­sanitariya pasportu (şəhadətnaməsi) verilir.

3.6. Peşəkar arıçının təsərrüfatı əmtəəlik arıçılıq məhsulları istehsal edir, onun satışı ilə məşğul olur, yarmarkalarda və sərgilərdə iştirak edir.

3.7. Peşəkar arıçının damazlıq təsərrüfatı, əsasən, yüksək məhsuldar ana arılarının və ailələrinin yetişdirilməsi, reproduksiya edilməsi və təkrar istehsalı ilə məşğul olur.

3.8. Peşəkar arıçılıq təsərrüfatları arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsi, arıçılıq sahəsində dövlət nəzarətinin həyata  keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə statistik məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və digər tələbləri yerinə yetirirlər.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 13
avqust tarixli 57 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) (bundan sonra pasport (şəhadətnamə)) verilmə qaydasını və formasını müəyyən edir.

1.2. Mülkiyyət formasından asılı olmayaraq, uçota alınmış arıxanalarda müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi məqsədilə arıxanalara baytarlıq-sanitariya pasport (şəhadətnaməsi)  verilir.

1.3 Pasport (şəhadətnamə) Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları tərəfindən verilir.

2. Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilməsi qaydası

2.1. Pasport (şəhadətnamə) almaq üçün hüquqi və ya fiziki şəxslər (bundan sonra - ərizəçi) müvafiq dövlət baytarlıq orqanına ərizə ilə müraciət edirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

- arıçılıq təsərrüfatları barədə məlumat;

- arı ailələrinin miqdarı (hər növ üzrə) barədə məlumat;

- arıçılıq təsərrüfatlarının uçota alınması barədə bildiriş;

- arıçılıq təsərrüfatlarının yerləşdiyi yer barədə məlumat.

2.2. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

2.3. Pasport (şəhadətnamə) aşağıdakı hallarda verilir:

2.3.1. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edildikdə;

2.3.2. müvafiq dövlət baytarlıq orqanı tərəfindən  qanunvericilikdə nəzərdə tutulmuş qaydada arıxanaya baxış keçirildikdən sonra.

2.4. Arıçılıq təsərrüfatlarına pasport (şəhadətnamə) almaq     üçün təqdim edilən sənədlər pasport (şəhadətnamə) verən orqan tərəfındən qəbul edilir, qeydə alınır. Ərizə daxil olduğu gündən         10 gün müddətində arıxanaya baxış keçirildikdən sonra   çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, pasport (şəhadətnamə) həmin gün verilir.

2.5. Pasport (şəhadətnamə) bu Qaydanın əlavəsində göstərilən Formaya uyğun tərtib edilir və kötüyü qaytanlanmış jurnalda qeyd edilməklə saxlanılır.

2.6. Pasportda (şəhadətnamədə) dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

2.7. Arıçılıq təsərrüfatının rəhbəri ona verilmiş pasportdan (şəhadətnamədən) yalnız özü istifadə edə bilər.

2.8. Pasport (şəhadətnamə) müvafiq blanklarda tərtib edilir. Bu pasport (şəhadətnamə) onu verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın     möhürü ilə təsdiq edilir.

2.9. Pasportda (şəhadətnamədə) arıçılıq təsərrüfatının      rəhbərinin imzası olur.

2.10. Pasport (şəhadətnamə) Azərbaycan dilində tərtib edilir.

2.11. Pasport (şəhadətnamə) və ya onun surəti müxtəlif xətlə, rənglə və şriftlə yazıldıqda, düzəliş edildikdə, möhürsüz olduqda,    yaxud möhür aydın oxunmadıqda, sənədi imzalayan mütəxəssisin vəzifəsi və soyadı, adı, atasının adı, imzası qeyd edilmədikdə və  sənədin verilmə tarixi, həmçinin tələb olunan digər məlumatlar göstərilmədikdə, etibarsız sayılır.

2.12. Pasportun (şəhadətnamənin) verilməsindən imtina   edildikdə, bu barədə ərizəçiyə imtinanın səbəbləri göstərilməklə,            3 (üç) iş günü müddətində yazılı məlumat verilir.

2.13. Pasportun (şəhadətnamənin) verilməsindən imtina barədə qərardan qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanına və  ya məhkəməyə şikayət verilə bilər.

2.14. Hüquqi şəxs ləğv edildikdə, həmin şəxsə verilən müvafiq pasport (şəhadətnamə) öz hüquqi qüvvəsini itirir.

Vəfat etmiş fiziki şəxsin adına verilən pasport (şəhadətnamə)

onun varisləri üçün həmin sənədlərdə göstərilən müddət və şərtlərlə öz qüvvəsini saxlayır.

2.15. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və fiziki şəxsin şəxsiyyət sənədinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud pasport (şəhadətnamə) itirildikdə, ərizəçi 10 (on) gün müddətində pasportun (şəhadətnamənin) bu Qaydaya uyğun yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

2.16. Pasport (şəhadətnamə) yenidən rəsmiləşdirildiyi  müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki pasport (şəhadətnamə) əsasında, pasport (şəhadətnamə) itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi dublikat əsasında həyata keçirir.

2.17. Pasport (şəhadətnamə) və ya onun dublikatı müvafiq dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiq edilir.

2.18. Pasportu (şəhadətnaməni) verən dövlət orqanı verdiyi, qeydə aldığı və ləğv etdiyi pasportun (şəhadətnamənin) bu məqsəd üçün nəzərdə tutulmuş jurnalda qeydiyyatını aparır. Jurnalda pasportun (şəhadətnamənin) nömrəsi, müddəti, fiziki və hüquqi  şəxsin soyadı, adı və atasının adı, ünvanı, baxışın tarixi, arı ailələrinin miqdarı, arıxananın sanitar vəziyyətinin     qiymətləndirilməsi, onun epizootik vəziyyəti və tövsiyə olunan baytarlıq tədbirləri qeyd edilir.

2.19. Arıçılıq təsərrüfatı ləğv edildikdə pasport (şəhadətnamə) müvafiq dövlət baytarlıq idarəsinə qaytarılır.

3. Arıxanalara verilən baytarlıq - sanitariya pasportunun (şəhadətnaməsinin) ləğv edilməsi

3.1. Arıxanalara verilən pasport ( şəhadətnamə) aşağıdakı hallarda ləğv edilir:

3.1.1. pasport (şəhadətnamə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

3.1.2. pasport (şəhadətnamə) sahibi tərəfindən bu Qaydanın tələblərinə əməl edilmədikdə;

3.1.3. pasportun (şəhadətnamənin) verilməsi üçün təqdim   edilən sənədlərdə qeyri-dürüst və təhrif olunmuş məlumat aşkar edildikdə;

3.1.4. arıçılıq təsərrüfatlarının məhsulları təhlükəsizlik və keyfiyyət normalarına uyğun olmadıqda və bunun nəticəsində insanların həyat və sağlamlığına təhlükə törədə biləcək hallar aşkar edildikdə;

3.1.5. ölkə ərazisində epizootik vəziyyət dəyişdikdə;

3.1.6. məhkəmənin müvafiq qərarı olduqda;

3.1.7. hüquqi şəxs ləğv edildikdə.

3.2. Pasport (şəhadətnamə) verən müvafiq dövlət baytarlıq orqanı pasportun (şəhadətnamənin) ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində pasportun (şəhadətnamənin) sahibinə yazılı məlumat göndərir.

 

"Arıxanalara    baytarlıq  -  sanitariya    pasportunun

(şəhadətnaməsinin) verilmə Qaydası və Forması"na

əlavə

BAYTARLIQ - SANITARIYA

PASPORTUNUN (ŞƏHADƏTNAMƏSININ) FORMASI

Pasport (şəhadətnamə) №____

 

Mən, aşağıda imza edən baytar həkimi, həmin baytarlıq şəhadətnaməsini vermişəm.

(təsərrüfatın adı, sahibkarın soyadı, adı və atasının adı)

ona görə ki, ona məxsus arıxanada ______ miqdarda arı ailəsi _____________________________________________ yerləşir

(yerin adı, ünvanı)

Baytarlıq tədbirlərinin aparılması həvalə edilir __________________

(baytar mütəxəssisinin soyadı, adı və atasının adı)

Verilmə tarixi «____» ______ 20     il

Rayonun baş baytar həkimi __________________________________

(soyadı, adı və atasının adı)

M.Y.

 

Arıçılıq təsərrüfatının rəhbəri ____________

(soyadı, adı və atasının adı, imza)

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 13
avqust tarixli 57 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 

Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması

Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması qaydasını   müəyyən edir.

1.2. Naxçıvan Muxtar Respublikasında yerli bal arısı genofonduna Sarı Qafqaz arı cinsinin Naxçıvan populyasiyası  daxildir.

2. Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması

2.1. Arıçılıqda damazlıq işini düzgün təşkil etmək və onun məhsuldarlığını artırmaq, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılmasını, təkmilləşdirilməsini, onların çoxaldılmasını və istifadəsinin yaxşılaşdırılmasını təmin etmək üçün bal arısı cinsləri və populyasiyaları rayonlaşdırılır, onların ayrılıqda uçotu aparılır.

2.2. Bal arısı cinslərini  və onların populyasiyalarını müxtəlif mövsümlərdə illik nektar gəliri və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədilə onların muxtar respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi nəzərə alınaraq, rayonlaşdırılması təmin edilməlidir.

2.3. Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda bitki örtüyünə olan tələbatı nəzərə alınaraq, arı ailələrini köçürmək məqsədilə bal arısı cinsləri və populyasiyaları aşağıdakı kimi rayonlaşdırılmalıdır:

Bal arısı cinslərinin adı

Bal arısı cinslərinin populyasiyaları

Rayonların adları

Köçürülən ərazilər

Sarı Qafqaz

Naxçıvan

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublika­sının dağlıq, orta dağlıq və düzənlik əraziləri: Ordubad, Şahbuz, Sədərək, Babək, Culfa və Kəngərli

2.4. Arıçılıq subyektləri (həvəskar arıçılıqla məşğul olan subyektlər istisna olmaqla) arı cinslərinin və onların  populyasiyalarının rayonlaşdırılması prinsiplərinə riayət etməyə borcludurlar.

2.5. Bir rayonda bu Qaydanın 2.3-cü bəndində qeyd olunan arı

cinsləri və onların populyasiyalarından başqa, digər cinslərin yetişdirilməsinə və saxlanılmasına yol verilmir.

2.6. Yerli arı genofondunun mühafızəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün Naxçıvan Muxtar     Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan bal  arısının muxtar respublikanın ərazisinə kənardan gətirilməsi və  muxtar respublikanın ərazisindən çıxarılması qadağandır.

2.7. Nəticələrindən asılı olaraq arıçılıq sahəsində tövsiyələrin verilməsi məqsədilə dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin yerli şəraitə uyğunlaşdırılması və onların rayonlaşdırılması üzrə elmi tədqiqat və sınaq tədbirlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı və nəzarəti altında elmi tədqiqat təşkilatları tərəfindən aparılır.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 13
avqust tarixli 57 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının

yaradılması Qaydası

  1. 1. Ümumi müddəa

Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və arıçılıq sahəsində dövlət seleksiya-damazlıq (genofond)   arıxanalarının yaradılması qaydasını müəyyən edir.

2. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının təşkili

2.1. Yerli arı genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, yaxşılaşdırılması, ölkə arıçılığının təmiz cinsli, yüksək məhsuldar arı ailələrinə və ana arıya olan tələbatının ödənilməsi məqsədilə dövlət seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.

2.2. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları     Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.

2.3. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları dövlətin mülkiyyətində saxlanılır və onların maliyyə təminatı fəaliyyətlərindən əldə olunan vəsaitlər, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına formalaşır.

2.4. Dövlət seleksiya-damazlıq (genofond) reproduktiv arı­xanalarında 500-dən artıq arı ailəsi olmalıdır.

2.5. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının hər birinə çəmən-otlaq sahəsi təhkim olunur. Arıxana su mənbəyi olan dağlıq, dağətəyi və aran ərazilərində yaradılır.

3. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının vəzifələri

3.1. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən arıçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə borcludurlar.

3.2. Ana və erkək arıların, arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin və populyasiyalarının aprobasiyası, təsdiq edilməsi, patentləşdirilməsi və istifadəsi «Seleksiya nailiyyətləri haqqında» və «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

3.3. Naxçıvan Muxtar Respublikasında yetişdirilən arı cinsləri    və populyasiyalarının seleksiya qruplarına və damazlıq özəklərinə mənsub arı ailələrinin satış məqsədilə ixracı qanunvericilikdə   nəzərdə tutulmuş qaydada tənzimlənir.

3.4. Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları:

3.4.1. dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin və onların populyasiyalarının yerli şəraitə uyğunlaşmasını, yerli arı cinslərinin və populyasiyalarının genofondunun yaxşılaşdırılmasında onlardan istifadə edilməsini və rayonlaşdırılmasını sınaqdan keçirir, təcrübələr aparır, nəticəsi   barədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı   Nazirliyinə vaxtaşırı məlumat verir, digər təsərrüfatlara seleksiya-damazlıq işləri sahəsində tövsiyələr verir;

3.4.2. yüksək məhsuldarlıq qabiliyyətinin gələcək nəslə ötürülməsini təmin edən, xəstəliyə dözümlü, yerli şəraitə uyğunlaşan və az beçə verən damazlıq arı ailələrinin yetişdirilməsini təmin edir;

3.4.3. arıxanada arı ailələrinin miqdarını ildən-ilə genişləndirir, onların məhsuldarlığını yüksəldir və ekoloji cəhətdən keyfiyyətli  arıçılıq məhsulları istehsalını artırır, arıçılığı geniş təbliğ edir, elmin nailiyyətlərinin və mütərəqqi texnologiyaların tətbiqinə nail olur;

3.4.4. arıçılığa dair beynəlxalq sərgilərdə, yarmarkalarda, konfrans və simpoziumlarda iştirak edir;

3.4.5. bölgədə yerləşən əmtəəlik arıxananın rəhbərlərinin, mütəxəssislərinin, habelə digər işçilərin vaxtaşırı seminar-müşavirəsini keçirir, seleksiya-damazlıq sahəsi üzrə mütəxəssis kadrların yetişdirilib hazırlanmasında, təkmilləşdirilməsində iştirak  edir.



Joomla 1.5