«Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 «Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

«Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Iqtisadi Inkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:         Ə.Baxşıyev


02 fevral 2010-cu il
№ 09

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 02 fevral tarixli 09
nömrəli qərarı ilə təsdiq edilmişdir


Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi 
QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən edir. 
1.2. Arıçılıq sahəsində dövlət nəzarəti Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.


2. Arıçılıq sahəsində dövlət nəzarəti


2.1. Arıçılıq sahəsində dövlət nəzarəti aşağıdakıları əhatə edir: 
2.1.1. bal arı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasını;
2. 1.2. arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyə, habelə arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsini;
2.1.3. keyfiyyətli arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunmasını;
2. 1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri.
2.2. Arıçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aşağıdakı səlahiyyətlərə malikdirlər:
2.2.1. mülkiyyət formasından asılı olmayaraq, muxtar respublika daxilində fəaliyyət göstərən, arıçılıqla məşğul olan subyektlərin müvafiq qanunvericiliyin, o cümlədən arıçılığa dair normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və həmin qanunvericiliyi pozan şəxslər haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
2.2.2. arıçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq;
2.2.3. damazlıq arıçılıq sahəsində mübahisəli məsələlər üzrə ekspert rolunda çıxış etmək;
2.2.4. müvafiq qaydada keyfiyyətinin təmin edilməsi üçün arı məhsullarından nümunələr götürmək;
2.2.5. arıçılıq fəaliyyəti subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən yoxlamanın məqsədləri üçün əvəzsiz istifadə etmək.
2.3. Arıçılıq sahəsində baytarlıq-sanitariya nəzarəti Azərbaycan Respublikasının müvafıq qanunvericiliyinə uyğun həyata keçirilir.


3. Dövlət nəzarətinin aparılması qaydaları, 
formaları və müddəti


3.1. Arıçılıq təsərrüfatlarında yoxlamalar, araşdırmalar aparılarkən bu barədə arıçılıq subyektləri əvvəlcədən məlumatlandırılır. Yoxlamalar və araşdırmalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Arıçılıq təsərrüfatlarında yoxlama 10 gündən artıq davam edə bilməz. Zərurət yarandıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər. 
3.2. Arıçılıq fəaliyyəti subyektlərində nəzarət tədbirlərinin keçirilməsi barədə səlahiyyətli orqanın rəhbərinin imzası və orqanın möhürü ilə təsdiq olunmuş sərəncam verilir.
3.3. Sərəncamdakı məlumatlar aşağıdakılardır:
3.3. 1. nəzarət tədbirlərini aparacaq əməkdaşın soyadı, adı və vəzifəsi;
3.3.2. nəzarət tədbirlərinin aparılmasının əsası və məqsədi;
3.3.3. nəzarət tədbirlərinin aparılacağı arıçılıq fəaliyyəti subyektinin rekvizitləri;
3.3.4. nəzarət tədbirlərinin müddəti.
3.4. Yoxlamalar və araşdırmalar iş vaxtı təsərrüfata ziyan vurmadan, işlərin gedişinə xələl gətirmədən, arıçılıq subyektlərinin təklifləri nəzərə alınmaqla aparılır.
3.5. Dövlət nəzarəti iki ildə bir dəfədən çox olmamaqla, səlahiyyətli orqan tərəfındən ilin əvvəlində təsdiq edilmiş plan üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
3.6. İcrası məcburi olan göstərişlər yerinə yetirilmədikdə və aradan qaldırılması mümkün olmayan nöqsanlar və ya qanun pozuntuları aşkar edildikdə, arıçılıq sahəsində fəaliyyətin dayandırılması barədə məhkəməyə müraciət olunur.

4. Nəzarət və yoxlama nəticələrinin rəsmiləşdirilməsi və aşkar olunmuş pozuntular barədə görülən tədbirlər

4.1. Arıçılıqla məşğul olan subyektlərdə aşkar edilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması üçün onlara qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər yazılı formada verilir. 
4.2. Arıçılıq subyektinin fəaliyyətində insanların sağlamlığı, ətraf mühitin çirklənməsi üçün təhlükə yarandıqda, səlahiyyətli orqanın qərarına əsasən aidiyyəti dövlət orqanlarının iştirakı ilə təkrar yoxlamalar aparıla bilər.
4.3. Nəzarət tədbirlərinin nəticələri iki nüsxədə tərtib olunur və aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi arıçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Arıçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir.
4.4. Tərtib olunmuş aktda aşağıdakı məlumatlar olmalıdır:
4.4.1. nəzarət tədbiri aparılan hüquqi və fiziki şəxs haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN);
4.4.2. nəzarət tədbirinin adı, aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;
4.4.3. nəzarət tədbiri zamanı araşdırılan hallar, yoxlamaq üçün götürülən nümunələr (arı məhsullarından bal, arı südü, arı mumu, çiçək tozu, güləm, arı zəhəri, vərəmumun fiziki-kimyəvi göstəricilərinin müayinəsi üçün 150 qram, mikrobioloji göstəricilərinin müayinəsi üçün 100 qram, antibiotiklərin müayinəsi üçün 100 qram), onların qiyməti və məhsulun miqdarı haqqında məlumatlar;
4.4.4. nəzarət tədbirinin nəticələri.
4.5. Standartlara və tələblərə cavab verməyən arıçılıq məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanın müraciətinə müvafiq olaraq məhkəmənin qərarına əsasən həyata keçirilir.
4.6. Hüquqi və fiziki şəxslər arıçılıq sahəsində dövlət nəzarətini həyata keçirən orqanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.

Joomla 1.5