Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 «Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları»nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə 
qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları»nın
təsdiq edilməsi haqqında


«Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının 
Baş naziri:         Ə.Baxşıyev


02 aprel 2010-ju il
№ 37

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 02
aprel tarixli 37 nömrəli qərarı ilə
təsdiq edilmişdir 

Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları

1. Bu Qaydalar «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının (bundan sonra -məmulat) analizinin və ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir. 
2. Məmulatların analizi və ekspertizası aşağıdakı hallarda aparılır:
- hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi
müraciətləri olduqda;
- qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən şəxslərdən nümunə üçün götürülmüş məmulatların yoxlanılması lazım olduqda;
- məmulatın damğalanması zamanı.
3. Məmulatların analizi və ekspertizası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Əyar Şöbəsi (bundan sonra - Əyar Şöbəsi) tərəfindən həyata keçirilir.
4. Analizin və ekspertizanın keçirilməsinə dair şəxs tərəfindən təqdim olunmuş müraciətdə Əyar Şöbəsi qarşısında qoyulan suallar öz əksini tapmalı və bu tədqiqatların aparılması üçün təqdim edilən məmulatlar əlavə olunmalıdır.
5. Analiz və ekspertiza bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir.
Analizin və ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Əyar Şöbəsi tərəfindən analizin və ekspertizanın aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdıraraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin olunur.
6. Analizin və ekspertizanın aparılması üçün təqdim olunan məmulatın əyarlanma prosesində tərkibindəki qiymətli metalların miqdarını yüksək dəqiqliklə müəyyən etmək mümkün olmadıqda, spektral və kimyəvi analiz üsullarından istifadə olunur.
Spektr və kimyəvi analiz üsulları Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına və texniki şərtlərə uyğun aparılır.
7. Ekspertizanın həll etməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə analizin və ekspertizanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.
8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzaları Əyar Şöbəsinin möhürü ilə təsdiq olunur.
Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Əyar Şöbəsində saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallar (onların qalıqları) da qaytarılmaq şərti ilə müraciət edən şəxsə verilir.
Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyu1mayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.
9. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

Joomla 1.5