Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2010 Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində 
işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi
haqqında

«Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin muxtar respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumtəhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilsin.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən muxtar respublikanın kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin.
3. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi:
3.1. hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim etsin;
3.2. gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görsün.
4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin «Yerli xərclər»inin «Təhsil xərcləri» bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının 
Baş naziri:          Ə.Baxşıyev


21 aprel 2010-ju il
№ 51

Joomla 1.5