«Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası»nın təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası»nın təsdiq edilməsi haqqında

«Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası»nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan
şəxslərin (işçilərin) sertifikasiya Qaydası»nın təsdiq
edilməsi haqqında

«Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 fevral tarixli 10-IV FR nömrəli Fərmanının 21.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar  Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


22  iyun 2011-ci il
№  65

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 22
iyun tarixli 65 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul
olan şəxslərin (işçilərin) sertifikasiyası
Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra-səhiyyə mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir.
1.2. Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.  
1.3. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.
1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətinə sertifikasiyadan keçmirlər.

2. Səhiyyə mütəxəssislərinin sertifikasiyasının təşkili

2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən həyata keçirilir.
2.2. Səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası (bundan sonra-Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir.
2.3. Sertifikasiya Şurası 5 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
2.4. Sertifikasiya Şurasının tərkibi səhiyyə nazirliyi, sahə həmkarlar ittifaqı, habelə aparıcı mütəxəssislərdən formalaşır. Sertifikasiya Şurasının tərkibi Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri tərəfindən təsdiq edilir.
2.5. Sertifikasiya Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
2.6. Sertifikasiya Şurasının sədri, sədr müavini və katibi Sertifikasiya Şurasının birinci iclasında sadə səs çoxluğu ilə seçilir.
2.7. Sertifikasiya Şurası:
2.7.1. səhiyyə mütəxəssislərinin sertifikasiyası üçün test və müsahibələrin qrafikini müəyyən edir;
2.7.2. test imtahanlarının suallar toplusunu təsdiq edir;
2.7.3. müsahibələrin keçirilməsi üzrə ixtisas komissiyalarını təşkil edir, onların fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir;
2.7.4. test və müsahibənin yekunları üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir;
2.7.5. sertifikasiya prosesi, test və müsahibənin nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır;
2.7.6. Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul edir, bu qərarların icrasına nəzarət edir.
2.8. Səhiyyə mütəxəssislərinin sertifikasiyası aşkarlıq şəraitində, şəffaf üsullarla iki mərhələdə - test və müsahibə ilə həyata keçirilir. Ilk mərhələdə səhiyyə mütəxəsisləri test üsulu ilə imtahana cəlb edilirlər. Test imtahanından müvəffəqiyyətlə keçənlər müsahibəyə buraxılırlar.
2.9. Sertifikasiyaya cəlb ediləcək səhiyyə mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Nazirlik Naxçıvan Muxtar Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan səhiyyə mütəxəssislərinin siyahısını müəyyən edir.
2.10. Səhiyyə mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir:
2.10.1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə;
2.10.2. şəxsiyyət vəsiqəsi və onun surəti;
2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və   onun surəti;
2.10.4. əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti;
2.10.5. kadrlar uçotunun şəxsi vərəqəsi;
2.10.6. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti;
2.10.7. sağlamlıq haqqında arayış;
2.10.8. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;
2.10.9. Ixtisaslaşma haqda sənəd (vəsiqə) və onun surəti.
Surətləri ilə üzləşdirildikdən sonra şəxsiyyət vəsiqəsi, ali və ya orta tibb təhsili haqqında sənəd  (diplom), əmək kitabçası və ixtisasartırma kurslarını keçməsi barədə sənəd geri qaytarılır.
2.11. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır.
2.12. Bu Qaydanın tələblərinə uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar barədə rəsmi qaydada cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim edilə bilər.
2.13. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında test və müsahibənin prosedur qaydaları, habelə səhiyyə mütəxəssislərinin sertifikasiyası ilə bağlı digər zəruri məlumatlar əks etdirilir.
2.14. Test və müsahibə Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir.
2.15. Test və müsahibələr mərkəzləşdirilmiş qaydada Naxçıvan şəhərində keçirilir.
2.16. Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası ödənişsiz həyata keçirilir.
2.17. Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə Nazirlik hökumət və qeyri-hökumət  təşkilatlarını, kütləvi informasiya vasitələrini test imtahanlarını və müsahibələri müşahidə etməyə dəvət edə bilər. Dəvət olunmuş və ya sertifikasiya prosesini müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və kütləvi informasiya vasitələri öz nümayəndələrinin siyahısını test imtahanı və ya müsahibə üçün Nazirliyə ən gec 10 gün qalmış təqdim etməlidirlər.
2.18. Müşahidəçilərin test imtahanlarının və müsahibənin gedişinə müdaxiləsi yolverilməzdir.

3. Test  imtahanı

3.1. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi vasitəsilə məlumatlandırılır.
3.2. Test imtahanlarının qrafiki və imtahanlara cəlb olunan şəxslər barədə məlumat Sertifikasiya Şurası tərəfindən tibb müəssisə rəhbərlərinə bildirilir.
3.3. Test imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və test imtahanı zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.
3.4. Test imtahanına cəlb edilən hər bir şəxsə imtahan buraxılış vərəqəsi verilir. Bu vərəqəyə test imtahanında iştirak edən şəxsin fotoşəkli yapışdırılır. Test imtahanına buraxılış vərəqəsində, habelə şəxsi eyniləşdirilmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın  nömrəsi göstərilir. Test imtahanına buraxılış vərəqəsinə şəxsin adını, soyadını və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.
3.5. Test imtahanına gələn şəxslər test imtahanına buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
3.6. Test imtahanının keçirilməsini təmin etmək məqsədi ilə Nazirlik imtahan rəhbərini və imtahan nəzarətçilərini təyin edir. Imtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır.
3.7 Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Nazirlik tərəfindən müəyyən olunur və yaddaş kitabçasına daxil edilir.
3.8. Şəxs test imtahanının keçirilmə qaydalarını pozduqda, imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Nazirlik tərəfindən ləğv edilir.
3.9. Test imtahanının sualları konfidensiallıq gözlənilməklə, Nazirlik tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. Test imtahanının sualları toplusu hər il 10-20 faiz yeniləşdirilir.
3.10. Test imtahanının suallar toplusu Sertifikasiya Şurası tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilir.
3.11. Nazirlik test imtahanının suallar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.
3.12. Test imtahanı informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 100 sualdan ibarət olan sual vərəqəsi üzrə aparılır. Sual vərəqəsinə daxil edilən sualların mürəkkəblik üzrə proporsiyası Nazirlik tərəfindən müəyyən edilir.
3.13. Test imtahanlarının sualları bilavasitə imtahan başlamazdan əvvəl aşkar surətdə ümumi suallar toplusundan seçilir. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və kompyuterə daxil edilir. Kompyuter verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 100 sual seçir. Seçilmiş suallar yerindəcə, bu mümkün olmazsa, konfidensial saxlanılmaqla, qısa müddətdə müvafiq mətbəədə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır və imtahan  verənlərə paylanılması üçün imtahan rəhbərinə verilir.
3.14. Suallar seçildikdən sonra imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını imtahan verənlərə paylayır və onun doldurulması qaydalarını izah edir. Daha sonra suallar paylanılır.
3.15. Test imtahanı üç saat müddətində keçirilir. Imtahan zamanı fasilə verilmir.
3.16. Test imtahanının başlanma vaxtı suallar paylanılıb qurtardığı andan hesablanır. Imtahan bir neçə auditoriyada keçirildikdə, hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.
3.17. Cavab  kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.
3.18. Test imtahanının başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərlərinə verilir. Imtahan rəhbəri möhürlənmiş zərfi Nazirliyə   təqdim edir.
3.19. Cavab kartlarının  yoxlanılmasını Nazirlik təmin edir.
3.20. Cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə, avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. Bunun üçün möhürlənmiş cavab kartları və imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.
3.21. Hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavabları və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur.
3.22. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra test imtahanının nəticələri cavab kartları ilə birlikdə Nazirliyə təqdim edilir.
3.23. Nazirlik test imtahanının nəticələrini imtahan keçirilən tarixdən üç gün müddətində bəyan edir.
3.24. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar.
3.25. Test imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.
3.26. Test imtahanının nəticələrindən narazı qalan  imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Nazirliyin Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin  iştirakı ilə araşdırılır.
3.27. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır və Sertifikasiya Şurası müsahibəyə buraxılış məsələsini həll edir.
3.28. Nazirlik test imtahanı ilə bağlı aidiyyəti sənədlərin 1 (bir) il müddətində saxlanmasını təmin edir.

4. Müsahibə

4.1. Müsahibələrin keçirilməsi məqsədi ilə Sertifikasiya Şurası müxtəlif tibb və əczaçılıq ixtisasları üzrə ixtisas komissiyalarını təşkil edir.
4.2. Sertifikasiyaya cəlb edilmiş şəxslər Nazirlik tərəfindən 7 gün əvvəl müsahibə barədə xəbərdar edilir və müsahibənin keçirildiyi yer, tarix və vaxt haqqında onlara məlumat verilir. Müsahibəyə gələn şəxs özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir.
4.3. Müsahibədə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir.
4.4. Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, Ixtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılır. Müsahibənin şəffaflıq əsasında təşkili məqsədi ilə müsahibənin keçirilməsi zamanı səhiyyə mütəxəssisinin razılığı ilə audio-video çəkilişdən istifadə olunur. Müsahibənin nəticələri açıq elan olunur, protokollaşdırılır və komissiya tərəfindən qəbul edilən qərar bütün üzvlər tərəfindən imzalanır.
4.5. Müsahibədən sonra Ixtisas komissiyasının üzvləri verilmiş cavabları müzakirə edir və ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul və ya qeyri-məqbul qiymətləndirir. Ümumi rəyə gəlmək mümkün olmadıqda, qiymətləndirmə səsvermə yolu ilə aparılır.
4.6. Cavabları məqbul qiymətləndirilmiş şəxs müsahibədən keçmiş hesab olunur.
4.7. Müsahibənin nəticələrinə dair Ixtisas komissiyasının protokolu Sertifikasiya Şurasına təqdim edilir.

5. Test imtahanının və müsahibənin nəticələri

5.1. Test imtahanının və müsahibənin nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir.
5.2. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar beş il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.
5.3. Sertifikasiyadan keçməyən səhiyyə mütəxəssisləri praktik tibb və ya əcazçılıq fəaliyyətinə buraxılmırlar.

6. Yekun müddəalar

6.1. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.
6.2. Sertifikasiyadan təkrar keçməyən işçilərlə əmək münasibətləri mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənir.

Joomla 1.5