«Idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası»nın və «Idman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
Əsas səhifə NORMATİV HÜQUQİ AKTLAR QƏRARLAR QƏRARLAR - 2011 «Idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası»nın və «Idman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

«Idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası»nın və «Idman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

«Idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə
hüquqi şəxsin akkreditasiya olunması Qaydası»nın və
«Idman mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları»nın təsdiq edilməsi haqqında

Muxtar respublikada idmanın daha da inkişaf etdirilməsi və bu sahənin maddi texniki bazasının möhkəmləndirilməsinə əlavə  maliyyə vəsaitlərinin cəlb olunmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə   hüquqi şəxsin akkreditasiya olunması Qaydası» və «İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                    Ə.Baxşıyev


24  avqust 2011-ci il
№  80

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 24
avqust tarixli 80 nömrəli qərarı ilə
təsdiq edilmişdir

İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi
ilə hüquqi şəxsin akkreditasiya olunması
QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və idman mərc oyunlarının həyata keçirilməsi üçün hüquqi şəxsin akkreditasiya olunması qaydasını müəyyən edir.
1.2. Naxçıvan Muxtar Respublikasında idman mərc oyunlarını yalnız Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (bundan sonra - Operator) həyata keçirə bilər.
1.3.Operator Nazirlik tərəfindən 10 (on) il müddətinə akkreditasiya olunur.

2. Akkreditasiya qaydası

2.1. Akkreditasiya olunmaq üçün müraciət edən hüquqi şəxs nazirliyə ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
2.1.1.hüquqi şəxsin təsis, həmçinin dövlət qeydiyyatı barədə sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;
2.1.2. muxtar respublikada idman mərc oyunlarının təşkili və keçirilməsinə dair bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilən tələblərə cavab verən texniki təklif.
2.2. Akkreditasiya üçün təqdim olunmuş sənədlər Azərbaycan dilində olmalı və ya Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilməlidir.
2.3. Akkreditasiya ilə bağlı sənədlər Nazirlik tərəfindən siyahı üzrə qəbul olunur.
2.4. Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərə 20 (iyirmi) gün ərzində baxılır və Nazirliyin rəyi müsbət olduqda, müraciət edənə akkreditasiya barədə qərar, əks halda, imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Nazirlik hüquqi şəxsi akkreditasiya edərkən onun idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə alır.
2.5. Hüquqi şəxs qərarı aldıqdan sonra 30 (otuz) gün ərzində Nazirliyin müvafiq strukturu ilə mərc oyunlarının təşkili və keçirilməsi haqqında müqavilə imzalamalı və mərc oyunlarından hər hansı birinin başlamasından əvvəl müqavilə öhdəliklərinin təminatı üçün 50 min manat məbləğində bank təminat məktubunu Nazirliyə təqdim etməlidir.

3. Akkreditasiya üçün müraciət etmiş hüquqi şəxsin texniki təklifinə dair tələblər

3.1. Akkreditasiya üçün müraciət etmiş hüquqi şəxsin texniki təklifinə dair aşağıdakı tələblər irəli sürülür:
3.1.1. mərc oyunlarının təşkili və keçirilməsi üçün istifadə ediləcək texniki bazanın və maliyyə resurslarının olması;
3.1.2. idman mərc oyunlarının vahid mərkəzdən idarə olunması məqsədi ilə yüksək texnologiya ilə işləyən informasiya mərkəzini (mərkəzi mərc sistemi) və satıcı şəbəkəsini qurmalı;
3.1.3. mərc oyunlarını ehtiva edən əmtəə nişanını hazırlamalı, bunları idarə etməli və lazım gələn bütün reklam fəaliyyətini təşkil etməlidir.
3.2. Bu Qaydanın 3.1.2-ci bəndində nəzərdə tutulan mərkəzi mərc sistemi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
3.2.1. həftədə 7 (yeddi) gün, gündə 24 (iyirmi dörd) saat olmaqla fəaliyyət göstərməli;
3.2.2. minimum 10 (on) ədəd terminalla yanaşı, 1 (bir) ədəd virtual satıcıya xidmət göstərmə imkanına malik olmalı;
3.2.3. minimum 1.000.000 (bir milyon) kuponu yaddaşında saxlamaq qabiliyyətinə malik olmalı;
3.2.4. 1 (bir) həftədə minimum 250.000 (iki yüz əlli min) kuponu işləyə biləcək gücə malik olmalı.

4. Akkreditasiyadan imtina edilməsi

4.1. Hüquqi şəxsin akkreditasiya olunmasından yalnız aşağıdakı hallarda imtina oluna bilər:
4.1.1. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxsin texniki təklifi bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;
4.1.2. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxs tərəfindən yanlış məlumatlar təqdim edildikdə;
4.1.3. bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən olunan siyahı üzrə sənədlər tam təqdim edilmədikdə;
4.1.4. hüquqi şəxsin maliyyə resursları texniki təklifin həyata keçirilməsini təmin etmədikdə.

5. Akkreditasiya haqqında qərarın ləğv edilməsi

5.1. Aşağıdakı hallarda Nazirlik Operatorun akkreditasiyası haqqında qərarı ləğv edə bilər:
5.1.1. akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən müvafiq ərizə təqdim edildikdə;
5.1.2. akkreditasiya olunmaq üçün hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdə faktların (məlumatların) bilərəkdən təhrif olunduğu və ya həqiqətə uyğun olmadığı aşkar edildikdə;
5.1.3. akkreditasiya zamanı Operator tərəfindən bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş texniki təklifin şərtləri pozulduqda;
5.1.4. Akkreditasiya haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməzdən əvvəl bu Qaydanın 5.1.3-cü yarımbəndi ilə müəyyən olunmuş pozuntunun aradan qaldırılması üçün Operatora 3 (üç) ay möhlət verilir.

6. Yekun müddəalar

6.1. Operator haqqında məlumatlar Nazirliyin internet saytında yerləşdirilir.
6.2. Akkreditasiya müddəti uzadılmadıqda və ya operator ləğv edildikdə onun akkreditasiyası bitmiş hesab olunur.
6.3. Nazirliyin akkreditasiya ilə bağlı qərarlarından qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 avqust tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir



Joomla 1.5