Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi QAYDALARI

Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi QAYDALARI

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il «17» sentyabr tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmişdir

Malların son istifadə xüsusi gömrük proseduru

altında yerləşdirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 195.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən azad edilməklə, sərbəst dövriyyəyə buraxılır.

1.3. Şəxslər malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aldıqdan sonra həmin mallardan yalnız həmin icazədə göstərilmiş son istifadə prosedurunun məqsədləri üçün istifadə edə bilərlər.

1.4. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.

 

2. Malların son istifadə xüsusi gömrük proseduru

altında yerləşdirilməsinə icazənin verilməsi

 

2.1. Şəxsə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şərtlərlə verilir:

2.1.1. gömrük orqanlarının son istifadə xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;

2.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

2.2. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə Gömrük Məcəlləsinin 167.3-cü maddəsində göstərilən şəxslərə verilir.

2.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı aşağıdakılar da göstərilir:

2.3.1. malların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;

2.3.2. malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinin məqsədi və bu məqsəd üçün istifadənin təyinatı və müddəti.

2.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:

2.4.1. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

2.4.2. ərizəçi kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN;

2.4.3. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;

2.4.4. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.

2.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılır və bu Qaydaların 2.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, ərizəyə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.

2.6. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.6.1. malların gömrük ərazisinə gətirilməsi qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;

2.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;

2.6.3. bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə.

2.7. İcazənin verilməsindən imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.

2.8. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük orqanına məlumat verir.

3. İcazənin ləğv edilməsi

 

3.1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir:

3.1.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə;

3.1.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə;

3.1.3. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;

3.1.4. icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə;

3.1.5. bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulmuş halda;

3.1.6. məhkəmənin müvafiq qərarı olduqda.

3.2. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.

3.3. Malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.

 

4. Hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi

 

4.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər.

4.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.

4.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul edən şəxsin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq icazə verilir.

4.4. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə ötürülə bilər.

4.5. Son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.

5. Son istifadə xüsusi gömrük proseduru altında

yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti

 

5.1. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş mallar gömrük nəzarəti altında olur.

5.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

5.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

5.2.2. mallar ixrac və ya məhv edildikdə və ya onlardan dövlətin xeyrinə imtina olunduqda;

5.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

5.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi yerlərdə (beynəlxalq hava limanında və digər yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

5.3. Prosedur sahibi son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların yararsız hala düşməsi barədə gömrük orqanlarına dərhal məlumat verir.

 

Joomla 1.5