Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi QAYDALARI

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi QAYDALARI

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il «17» sentyabr tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti ixrac proseduru altında təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar yerləşdirilir.

1.2. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük ərazisindən kənarda istifadə olunur.

1.3. Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili mallar eyni vəziyyətdə təkrar idxal olunmalıdır.

1.4. Təkrar idxal edilən malların eyniləşdirilməsinin mümkün olması şərtilə, onların qorunmasını təmin etmək üçün mallar üzərində təmir, texniki xidmət və malların normal vəziyyətdə saxlanılması ilə bağlı digər zəruri əməliyyatların həyata keçirilməsinə yol verilir.

1.5. Bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisindən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil edilmir.

 

2. Malların müvəqqəti ixrac gömrük proseduru

altında yerləşdirilməsi şərtləri

 

2.1. Mallar müvəqqəti ixrac gömrük proseduru altında rezidentlər tərəfindən yerləşdirilir.

2.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı şərtlər daxilində həyata keçirilir:

2.2.1. malların təkrar idxal edilməsi nəzərdə tutulduqda;

2.2.2. bu Qaydaların 1.3-cü və 1.4-cü bəndlərində göstərilənlər istisna olmaqla, malların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

2.2.3. müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda.

2.3. Aşağıdakı malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsinə icazə verilmir:

2.3.1. nümayiş, reklam və sərgi məqsədləri üçün vahid nüsxədə aparılma halları istisna olmaqla, yeyinti məhsullarının, spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının, xammal və yarımfabrikatların, sərf olunan material və nümunələrin;

2.3.2. gömrük ərazisindən aparılması qadağan edilmiş və ya məhdudlaşdırılmış malların;

2.3.3. sənaye və digər tullantıların.

3. Malların müvəqqəti ixrac gömrük

proseduru altında qalma müddəti

 

3.1. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir.

3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır.

3.3. Müvəqqəti ixrac gömrük proseduru altında malların qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 3 (üç) iş günü müddətində baxılır.

3.4. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır.

3.5. Malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti ixrac gömrük proseduru üçün müvafiq qaydada müəyyən edilmiş müddətin axımını dayandırmır.

3.6. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir.

3.7. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur.

4. Müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından

və vergilərdən tamamilə və ya qismən azad edilməsi

 

4.1. Azərbaycan Respublikasının qanunvericiliyində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilən mallar üçün gömrük rüsumları və vergilərin ödənilməsi nəzərdə tutulduqda, həmin mallar bu Qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilir.

4.2. 1 (bir) il müddətində təkrar idxal olunması şərtilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, gömrük ərazisindən kənarda istifadə olunur.

4.3. Müvəqqəti ixrac müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda, müvəqqəti ixrac edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir.

4.4. Müvəqqəti ixrac müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda, müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən qismən azad edilməsi müvafiq olaraq birinci ilin bitdiyi tarixdən və ya müvəqqəti ixrac müddətinin uzadıldığı tarixdən həyata keçirilir.

4.5. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirildiyi tarixdə ixrac üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

4.6. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği onların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirildiyi tarixdə ixrac üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır.

4.7. Aylıq ödənişlərin hesablanması müvəqqəti ixrac olunan mallara münasibətdə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.

4.8. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili mallar təkrar idxal olunarkən və ya digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır.

4.9. Gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili malların ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır.

4.10. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq gömrük rüsumlarının və vergilərin ümumi məbləği onların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirildiyi tarixdə ixrac üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar hesab olunur.

 

 

Joomla 1.5