Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və QAYDASI

Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və QAYDASI

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il «17» sentyabr tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmişdir

Gömrük orqanlarına təqdim edilmiş malların məhv

edilmə halları və

QAYDASI

 

  1. 1. Ümumi müddəalar

 

1.1. "Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi halları və Qaydası" (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 331-ci maddəsinin müddəalarına uyğun olaraq hazırlanmışdır və gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını tənzimləyir.

1.2. Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

1.3. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir.

1.4. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.

1.5. Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:

1.5.1. malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;

1.5.2. əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.

1.6. Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf  mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.

1.7. Malların məhv edilməsinin ətraf mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır.

1.8. Malların məhvinin təhlükəli və ya radioaktiv tullantıların (qalıqların) atılması, axıdılması və anbarlaşdırılması ilə bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə qanunvericilikdə nəzərdə tutulduğu hallarda Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən müvafiq icazələr alınmaqla və onların iştirakı ilə yol verilir.

1.9. Malların məhv edilməsində ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli orqanlar Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyidir.

2. Malların məhv edilmə halları

 

2.1. Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir:

2.1.1. şəxsin müraciəti əsasında;

2.1.2. qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə.

2.2. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazənin verilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılarla (qalıqlarla) bağlı məsələlər bu Qaydanın 3-cü - 5-ci hissələri ilə tənzimlənir.

2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir.

3. Şəxsin müraciəti əsasında malların məhv

edilməsinə icazə verilməsi

 

3.1. Şəxsin müraciəti əsasında, bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, aşağıdakı mallar məhv edilir:

3.1.1. Muxtar respublikanın gömrük sərhədindən keçirilərək gətirilən mallar;

3.1.2. Muxtar respublikanın gömrük ərazisinə gətirilmiş və gömrük anbarı, ixrac və təkrar ixrac gömrük prosedurları, tranzit, son istifadə, daxildə emal, xaricdə emal, müvəqqəti idxal və sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar.

3.2. Şəxsin müraciəti əsasında aşağıdakı malların məhv edilməsinə yol verilmir:

3.2.1. Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş malların;

3.2.2. Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının mədəni, tarixi, arxeoloji sərvəti olan əşyaların;

3.2.3. xüsusi təhlükəli heyvan xəstəlikləri və bitki karantini obyektlərinin yayılması hallarının qarşısını almaq məqsədi ilə aparılan tədbirlər istisna olmaqla, "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CİTES) əsasən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növlərinin, onların hissələrinin və törəmələrinin.

3.3. Gömrük orqanları tərəfindən malların məhv edilməsinə aşağıdakı hallarda icazə verilmir:

3.3.1. malların məhv edilməsi ətraf mühitə və insan sağlamlığına zərər vura bilərsə;

3.3.2. malların məhv edilməsi dövlət üçün xərclərə səbəb ola bilərsə;

3.3.3. gömrük orqanının malların məhv edilməsi prosesinə nəzarət etmək imkanı olmazsa.

3.4. Malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir.

3.5. Malların məhv edilməsinə icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir.

3.6. Şəxsin müraciəti olduqda, qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların məhv edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.

 

4. Şəxsin müraciəti əsasında malların məhv edilməsi zamanı

gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi

 

4.1.  Şəxsin müraciəti əsasında malların məhv edilməsi əməliyyatı zamanı gömrük rəsmiləşdirilməsi aşağıdakı gömrük orqanları tərəfindən həyata keçirilir:

4.1.1. bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən muxtar respublikanın gömrük ərazisinə gətirilmiş (tranzit xüsusi gömrük prosedurundan başqa) malların məhvi seçilmiş gömrük prosedurunun gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən;

4.1.2. Muxtar respublikanın gömrük ərazisinə gətirilən və ya tranzit gömrük proseduru altında yerləşdirilən və gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun çatdırılan malların yerləşdiyi ərazi fəaliyyət zonasına daxil olan gömrük orqanı tərəfindən.

4.2. Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.

4.3. Ərizə ilə birlikdə gömrük orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir:

4.3.1. mallar məhv edilənədək yerləşdirildiyi gömrük proseduruna dair gömrük bəyannaməsi;

4.3.2. invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;

4.3.3. yol-nəqliyyat sənədləri;

4.3.4. malın mənşəyini təsdiq edən sənəd;

4.3.5. malın fitosanitar sertifikatı (bitki və bitkiçilik məhsulları üçün);

4.3.6. malın uyğunluq sertifikatı;

4.3.7. malın baytarlıq sertifikatı (dövlət baytarlıq nəzarətində olan yüklər üçün);

4.3.8. malın gigiyenik sertifikatı (yeyinti məhsulları üçün);

4.3.9. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda nəzərdə tutulan hallarda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı və müvafiq dövlət orqanının rəyi.

4.4. Gömrük nəzarəti altında malların məhv edilməsinə dair ərizə və sənədlər qəbul edildikdən sonra gömrük orqanının vəzifəli şəxsi tərəfindən sənədlərdə göstərilən məlumatların həqiqiliyi yoxlanılır. Sənədlər yoxlanıldıqdan sonra təqdim edilən mallara gömrük orqanı tərəfindən baxış keçirilir. Baxış zamanı malın adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, çəkisi, miqdarı və təsviri müəyyən edilir.

4.5. Malların məhv edilməsi gömrük orqanına müraciət edən şəxsin və ya onun nümayəndəsinin, o cümlədən bu Qaydanın 1.8-ci bəndində göstərilən icazəni verən dövlət orqanının nümayəndəsinin iştirakı ilə gömrük nəzarəti altında həyata keçirilir.

4.6. Malların məhv edilməsinə dair bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada tərtib edilən akt malların məhv edilməsi üçün gömrük orqanına müraciət edən şəxs və ya onun nümayəndəsi, həmçinin gömrük orqanının və digər dövlət orqanlarının nümayəndələri tərəfindən imzalanır. Həmin şəxslərə aktın surəti verilir.

4.7. Gömrük orqanı malın məhv edilməsinə dair icazə verməkdən imtina etdiyi halda, imtinanın səbəbini göstərməklə şəxsə yazılı məlumat verir.

4.8. Şəxsin müraciəti əsasında malların gömrük nəzarəti altında məhvinin yerinə yetirilməsinə görə Gömrük Məcəlləsinin 232.1.3-cü maddəsinə uyğun olaraq gömrük yığımları alınır.

4.9. Şəxsin müraciəti əsasında malların məhvi və yaranan tullantıların (qalıqların) zərərsizləşdirilməsi onların sahibinin vəsaiti hesabına həyata keçirilir.

 

5. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsi

 

5.1. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar (qalıqlar) gömrük nəzarəti altında olan mallar kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir.

5.2. Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı məhvetmə nəticəsində əmələ gəlmiş tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsinin yerini müəyyən edir.

5.3. Məhvetmə nəticəsində əmələ gəlmiş tullantılar (qalıqlar), digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, digər gömrük prosedurunda yerləşdirilənə qədər Gömrük Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilir.

5.4. Məhvetmə nəticəsində tullantı (qalıq) olan malların buraxılması və ya şəxsin sərəncamına verilməsi seçilmiş gömrük proseduruna uyğun olaraq həyata keçirilir.

5.5. Gömrük dəyəri 20 ABŞ dollarından artıq olmayan, basdırıldığına və ya basdırılmalı olduğuna görə sonrakı istifadəsi qeyri-mümkün olan tullantılar (qalıqlar) sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçirilməməlidir.

5.6. Malların məhvi nəticəsində yaranan tullantılar (qalıqlar) daxili bazarda istifadə olunduqda və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Gömrük orqanlarına təqdim edilmiş  malların

məhv edilmə halları və Qaydası"na

1 nömrəli əlavə

 

ƏRİZƏ

1. Gömrük orqanının adı

 

 

 

 

2. Müraciət edən şəxsin rekvizitləri

 

 

 

 

3. Gömrük proseduru və əməliyyatlar

 

 

 

 

4. Mallar haqqında məlumatlar

Göndərən ölkə

Malların adı

Miqdarı

İnvoys üzrə dəyəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Nəqliyyat qaiməsinin nömrəsi    _____________________________

 

6. Gömrük prosedurlarının və gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir.

 

Müraciət edən şəxsin təsdiqi

 

Səlahiyyətli şəxs ___________________                                M.Y.

 

İmza ____________________________      Tarix "___" _______________

 

7. Gömrük orqanının rəisi

və ya onu əvəz edən şəxs ______________                            M.Y.

 

İmza __________________________         Tarix "___" _______________

 

Qeydiyyat №________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Gömrük orqanlarına təqdim edilmiş malların

məhv edilmə halları və Qaydası"na

2 nömrəli əlavə

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi

Malların gömrük nəzarəti altında məhv edilməsinə dair

A K T

 

Gömrük orqanının adı __________________________________________

 

1. Mallar haqqında məlumatlar

 

Malların adları

XİFMN üzrə kodu

Miqdarı

 

2.  Malların məhv edildiyi yer    __________________________________

 

3. Aşağıdakı məhvetmə üsulları tətbiq edilib_________________________

_____________________________________________________________

_____________________________________________________________

 

4. Məhvetmə nəticəsində aşağıdakı tullantılar (qalıqlar) yaranmışdır:

 

Tullantıların (qalıqların)

adları

XİFMN üzrə kodu

Miqdarı

Tullantıların (qalıqların)

yerləşdiyi yer

Tullantıların (qalıqların)

vəziyyəti, (yararlı olduğu halda yerləşdirildiyi gömrük prosedurunun kodu)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Məhvetmədə iştirak etdilər:

gömrük orqanının və digər orqanların nümayəndələri

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

 

müraciət edən şəxs və ya onun nümayəndəsi

__________________________________________________      imza ___

__________________________________________________      imza ___

_____________________

Joomla 1.5