"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqında

"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

 

 

"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq

mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni

sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti

ixracı Qaydası"nın təsdiq edilməsi haqqında

 

"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından  müvəqqəti ixracı Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«08» oktyabr 2014-cü il

 

№ 93

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 08 oktyabr tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq

mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar

mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından

müvəqqəti ixracı

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar muxtar respublika ərazisindən müvəqqəti ixrac olunan Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.

1.3. Mühafizə siyahısına daxil olan mədəni sərvətlərin müvəqqəti ixracı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası"na əsasən tənzimlənir.

1.4. Bu Qaydanın tələbləri Naxçıvan Muxtar Respublikasında olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.

1.5. Bu Qaydanın məqsədləri üçün mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Naxçıvan Muxtar Respublikasında olan mədəni sərvətlərin 36 (otuz altı) ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Naxçıvan Muxtar Respublikasından xarici ölkəyə aparılması başa düşülür.

 

2. Mədəni sərvətlər

 

2.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər (bundan sonra - mədəni sərvətlər) bu Qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilir.

2.2. Bu Qaydanın tətbiq olunduğu mədəni sərvətlər aşağıdakılardan ibarətdir:

2.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

2.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

2.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

2.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları;

2.2.5. səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri;

2.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.);

2.2.7. şifahi xalq yaradıcılığı nümunələri;

2.2.8. arxeoloji və numizmatik xarakterli əşyalar;

2.2.9. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

 

3. Mədəni sərvətlərin müvəqqəti ixracı

 

3.1. Mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının rezidenti olan bütün hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

3.2. Mədəni sərvətlər yalnız aşağıdakı məqsədlərin həyata keçirilməsi üçün müvəqqəti ixrac edilə bilər:

3.2.1. sərgilərin;

3.2.2. bərpa işlərinin;

3.2.3. teatr, konsert və ya digər qastrol səfərlərinin;

3.2.4. təqdimatların;

3.2.5. beynəlxalq mədəniyyət tədbirlərinin.

3.3. Mədəni sərvətlərin müvəqqəti ixracının mümkünlüyü barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edir.

3.4. Mədəni sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciəti əsasında həyata keçirilir. Müraciətə qəbul edildiyi gündən 90 (doxsan) gün müddətində baxılıb qərar qəbul edilməlidir.

3.5. Müvəqqəti ixrac olunan dövlət və ya bələdiyyə muzeylərində, arxivlərində, kitabxanalarında və ya digər təşkilatlarında olan mədəni sərvətlər öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi istifadə oluna bilməz.

 

4. Mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi üçün müraciət

 

4.1. Bu Qaydanın 2.1-ci bəndində göstərilən mədəni sərvətlərin müvəqqəti ixracı bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçirilir.

4.2. Mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilməlidir:

4.2.1. mülkiyyətçi tərəfindən mədəni sərvət üzərində hüquqların əldə edilməsinin əsası;

4.2.2. mədəni sərvətin təsviri;

4.2.3. mədəni sərvətin müvəqqəti ixrac edilməsinin məqsədi, şərtləri və müvəqqəti ixrac olunan ölkədə onun qalması müddəti.

4.3. Bu Qaydanın 4.2-ci bəndində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.3.1. mədəni sərvətlərin sayı ikidən çox olduqda, üç nüsxədə tərtib edilməklə onların siyahısı;

4.3.2. hər bir mədəni sərvətin ölçüsü ən azı 8x12 santimetr olan 3 ədəd fotoşəkli (arxiv sənədlərinin, möhürlərin, filateliya, numizmatika, bonistika əşyalarının fotoşəkli tələb olunmur);

4.3.3. mədəni sərvətin dəyərini müəyyən edən sənədlər;

4.3.4. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;

4.3.5. müvəqqəti ixrac olunan mədəni sərvətləri qəbul edən tərəflə bağlanılmış müvəqqəti ixracın məqsədini və şərtlərini müəyyən edən müqavilə;

4.3.6. müvəqqəti ixrac olunan mədəni sərvətlərin bütün sığorta risklərindən qorunmasını təsdiq edən əmlak sığortası müqaviləsi;

4.3.7. müvəqqəti ixrac olunan mədəni sərvətlərin lazımi qaydada saxlanılmasını və müəyyən olunmuş müddət bitdikdən sonra geri qaytarılacağını əks etdirən mədəni sərvətləri müvəqqəti qəbul edən tərəf və ya dövlət tərəfindən verilmiş zəmanət;

4.3.8. müvəqqəti ixrac olunan mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsini təsdiq edən mədəni sərvətin pasportunun surəti.

4.4. Ərizə və ona əlavə edilən sənədlər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınır və qeydiyyat nömrəsi göstərilməklə müraciət etmiş şəxsə bir gün müddətində bildiriş göndərilir.

4.5. Ərizə və ona əlavə edilən sənədlər əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında olmasını yoxlayır və yoxlamanın nəticəsi barədə mülkiyyətçiyə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.

5. Mədəni sərvətlərin müvəqqəti ixracından imtina edilməsi

 

5.1. Aşağıdakı hallarda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətlərin müvəqqəti ixracı barədə qərar qəbul edilmir:

5.1.1. ərizə və ona əlavə edilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2. mədəni sərvətin öz saxlanma şəraitinə görə yerini dəyişməsi məqsədəmüvafiq hesab edilmədikdə;

5.1.3. mədəni sərvətin mülkiyyətçisi məlum olmadıqda və ya mədəni sərvətin mülkiyyətçisinin tanınması barədə məhkəmədə mübahisə mövcud olduqda;

5.1.4. mədəni sərvətin müvəqqəti ixrac olunduğu ölkədə onun lazımi vəziyyətdə saxlanılmasına maneə yaradan silahlı münaqişə, fövqəladə və ya hər hansı qarşısıalınmaz hallar baş verdikdə;

5.1.5. mədəni sərvətin müvəqqəti ixrac olunacağı ölkə ilə Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadıqda.

6. Mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

 

6.1. Mədəni sərvətin müvəqqəti ixracının mümkünlüyü müəyyən edildikdə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi (bundan sonra - şəhadətnamə) verilir.

6.2. Şəhadətnamədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar da göstərilməlidir:

6.2.1. mədəni sərvətlərin siyahısı;

6.2.2. mədəni sərvətin aparıldığı ölkənin adı;

6.2.3. müvəqqəti ixracın məqsədi və müvəqqəti ixracın müddəti.

6.3. Şəhadətnaməyə aşağıdakı sənədlər əlavə edilməlidir:

6.3.1. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin möhürü ilə təsdiq edilmiş müvəqqəti ixrac olunan mədəni sərvətlərin siyahısı;

6.3.2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin möhürü ilə təsdiq edilmiş müvəqqəti ixrac olunan mədəni sərvətlərin fotoşəkilləri.

6.4. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən şəhadətnamələrin reyestri aparılır.

6.5. Şəhadətnamə mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasının gömrük ərazisindən müvəqqəti ixrac olunması üçün əsasdır. Mədəni sərvətlərin müvəqqəti ixracı ilə bağlı verilmiş mühafizə şəhadətnaməsindəki məlumatlar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elektron qaydada Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.

6.6. Şəhadətnamə olmadan mədəni sərvətin Naxçıvan Muxtar Respublikasının gömrük ərazisindən müvəqqəti ixrac edilməsi qadağandır.

6.7. Şəhadətnamə verildikdən sonra müvəqqəti ixrac olunan mədəni sərvətlərin geri qaytarılması barədə onları müvəqqəti ixrac edən şəxslə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə bağlanılır.

 

7. Müqavilə şərtlərinin dəyişilməzliyi

 

7.1. Şəhadətnamənin verilməsindən sonra bu Qaydanın 4.3.5-ci yarımbəndində göstərilən müqavilənin şərtlərinin dəyişilməsi yolverilməzdir.

 

 

8. Geri qaytarılan mədəni sərvətlərin ekspertizası

 

8.1. Müvəqqəti ixrac olunan mədəni sərvətlər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə məlumat verir və həmin əşyaları 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilir.

8.2. Müvəqqəti ixrac olunan mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib olunan ekspertizanın nəticələrində mədəni sərvətin müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti barədə nəticələr göstərilməlidir. Əgər müvəqqəti ixrac olunan mədəni sərvətin vəziyyətində dəyişikliklər olarsa, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki vəziyyətinin bərpa edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməli və şəxsin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması üçün dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Joomla 1.5