"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nın

təsdiq edilməsi haqqında

 

"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 320 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                            Ə.Baxşıyev

 

«30» oktyabr 2014-cü il

 

№ 105

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il “30” oktyabr     tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların,  kommunikasiyaların yerləşdirilməsi

Qaydası

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Ehtiyat zonaları ərazi planlaşdırılması sənədlərində təsbit edilir.

1.3. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi həmin zonalarda tikintisi nəzərdə tutulmuş avtomobil yollarının sahibləri ilə razılaşdırılmaqla, qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsasən həyata keçirilir.

2. Ehtiyat zonalarında bina və qurğuların yerləşdirilməsi

2.1. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir.

2.2. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir.

3. Ehtiyat zonalarında kommunikasiyaların yerləşdirilməsi

3.1. Ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir.

3.2. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

4.  Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsinin razılaşdırılması qaydası

4.1. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsini razılaşdırmaq üçün fiziki və ya hüquqi şəxs (bundan sonra - ərizəçi) həmin zonalarda tikintisi nəzərdə tutulmuş avtomobil yollarının sahiblərinə yazılı və ya elektron formada ərizə təqdim edir.

4.2. Razılaşdırma üçün təqdim edilən ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

4.2.1.  ərizəçi fiziki şəxs olduqda - onun adı, soyadı, atasının adı, yaşadığı yer;

4.2.2. ərizəçi hüquqi şəxs olduqda - onun adı, hüquqi ünvanı.

4.3.  Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.3.1. ərizəçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

4.3.2. ərizəçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

4.3.3. tikilməsi, quraşdırılması, yaxud çəkilməsi nəzərdə tutulmuş obyektin, qurğunun və ya kommunikasiyanın texniki planı;

4.3.4. yerli icra hakimiyyəti orqanının rəyi.

4.4. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

4.5. Ərizəçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə cavabdehlik daşıyır.

4.6 Təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, ərizənin qeydə alındığı andan etibarən, 15 gündən gec olmayaraq, ehtiyat zonasında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsinin razılaşdırılması haqqında qərar qəbul edilir.

4.7. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günündən gec olmayaraq, yazılı məlumat verilir. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim edildikdə, onlara 10 gün müddətində baxılır və qərar qəbul edilir.

4.8. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi ərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadan imtina edilir.

4.9. Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

____________________

Joomla 1.5