"Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun

tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi

haqqında

"Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərara alır:

1. "Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.


Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev


«18» yanvar 2016-cı il

№ 4

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il "18"

yanvar tarixli 4 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna

toxumun tədarükü, saxlanılması və istifadəsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Dövlət Sifarişçisi) tabeliyində Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna (bundan sonra - Fond) kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumlarının tədarükü, saxlanılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə edilən toxum anlayışı sortun təkrar istehsalı üçün bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı mənasını ifadə edir.

1.3. Fonda tədarük edilən toxum dövlət mülkiyyətidir.


2. Fonda toxumun tədarükünün təşkili və saxlanılması

2.1. Fonda qanunvericiliyə uyğun olaraq, dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir.

2.2. Dövlət Sifarişçisi hər il Fonda orta bazar qiymətləri nəzərə alınmaqla, toxum tədarükü barədə kütləvi informasiya vasitələrində elan dərc etdirir.

2.3. Dövlət Sifarişçisi tərəfindən Fonda toxumun tədarükü bu Qaydaların şərtlərinə uyğun olaraq və qanunvericilikdə nəzərdə tutulmuş qaydada satıcılarla (malgöndərənlərlə) müqavilə bağlanılması yolu ilə həyata keçirilir.

2.4. Fonda toxum tədarükü zamanı mühafizə olunan sortun patent sahibinin seleksiya nailiyyətləri haqqında qanunvericilikdə nəzərdə tutulan

hüquqlarının qorunması ilə bağlı məsələlərin tənzimlənməsi satıcının (malgöndərənin) üzərinə düşür.

2.5. Tədarük üçün satıcı (malgöndərən) tərəfindən təklif olunan toxumun Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır.

2.6. Fonda 2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə yol verilmir.

2.7. Fonda toxum tədarükü edilərkən, toxumçuluq və fitosanitar nəzarəti sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmalıdır.

2.8. Fonda tədarük edilən toxumlar sortlar üzrə qablaşdırılmalı və etiketləşdirilməlidir. Etiketdə bu Qaydalara 3 nömrəli əlavədə qeyd edilən məlumatlarla yanaşı uyğunluq və fitosanitar sertifikatları və toxumların mənşəyi (istehsal edildiyi ölkə) barədə məlumatlar göstərilməlidir.

2.9. Yerli toxumun qəbulu üçün satıcı (malgöndərən) Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatının və fitosanitar sertifikatının surətlərini Fonda təqdim etməlidir.

2.10. Muxtar respublika daxilində satıcıdan (malgöndərəndən) Fonda toxumun qəbulu barədə nümunəsi Dövlət Sifarişçisi tərəfindən müəyyən edilən qəbul aktını 3 nüsxədə olmaqla, Dövlət Sifarişçisinin nümayəndəsi, satıcı (malgöndərən), saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi malgöndərəndə, bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

2.11. İdxal edilən toxumun qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

2.11.1. gömrük bəyannaməsi;

2.11.2. toxumun istehsal edildiyi ölkənin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş uyğunluq, fitosanitar və mənşə sertifikatları;

2.11.3. idxal karantin icazəsinin surəti.

2.12. İdxal edilən toxumun qəbulu barədə nümunəsi Dövlət Sifarişçisi tərəfindən müəyyən edilən qəbul aktını 2 nüsxədə olmaqla, Dövlət Sifarişçisinin nümayəndəsi, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

2.13. Fonda tədarük olunan toxum bu Qaydalara 1 nömrəli əlavədə nəzərdə tutulmuş tələblərə əməl edilməklə, Dövlət Sifarişçisinin məntəqələrində (anbarlarında) saxlanılır.

2.14. Dövlət Sifarişçisinin saxlanma məntəqələri (anbarları) çatışmadıqda, həmin məhsul müqavilə əsasında bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilmiş tələblərə cavab verən hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (anbarlarında) saxlanılır.

2.15. Saxlanma məntəqələri hər ay saxlanılan toxumun həcmi haqqında Dövlət Sifarişçisinə onun təsdiq etdiyi formaya uyğun hesabat təqdim edirlər.

2.16. Təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər) nəticəsində Fondda saxlanılan toxumun miqdarında azalma barədə saxlanma məntəqəsi tərəfindən Dövlət Sifarişçisi məlumatlandırılır və müəyyən edilmiş itki faktı aktlaşdırılaraq toxumun ümumi həcmindən silinir.

2.17. Təbii itkilər nəticəsində silinmiş toxum Fondun gəlirləri hesabına Dövlət Sifarişçisi tərəfindən yenisi ilə əvəz edilir.

2.18. Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən sığorta olunur.


3. Fonda tədarük edilən toxumun istifadəsi

3.1. Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur.

3.2. Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

3.3. Fondda saxlanılan toxumun satış məqsədi ilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir.


4. Fonda tədarük edilmiş toxumun yenilənməsi

4.1. Xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində Fonda tədarük edilmiş toxumun xarab olma təhlükəsi yarandıqda, həmin toxum yenisi ilə əvəz edilir. Bu halda saxlanma məntəqəsi rəhbərinin və ya onu əvəz edən şəxsin, Dövlət Sifarişçisinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunur.

4.2. Fonda tədarük edilən və müvafiq bitki üzrə səpin müddəti başa çatdıqdan sonra qalıq kimi saxlanılan və yenidən istifadəyə buraxılması nəzərdə tutulan toxumun (bundan sonra - qalıq toxum) keyfiyyət göstəriciləri müvafiq dövlət standartlarına uyğun olmalıdır.

4.3. Fondda saxlanılan qalıq toxumun səpin materialı kimi istifadəsi (satılması) bazar qiymətləri ilə həyata keçirilir.

4.4. Qalıq toxumun keyfiyyət göstəriciləri müəyyən edilmiş dövlət standartlarına uyğun olmadıqda, əmtəəlik məhsul kimi istifadə edilir (satılır).

4.5. Qalıq toxumun əmtəəlik məhsul kimi istifadəsi barədə qərar Dövlət Sifarişçisi tərəfindən qəbul edilir. Bu halda həmin toxumun maya dəyəri və satış qiyməti arasındakı fərq Fondun vəsaiti hesabına ödənilir.

4.6. Fondda saxlanan kimyəvi və bioloji preparatlarla işlənilmiş qalıq toxumun keyfiyyət göstəriciləri dövlət standartlarına uyğun olmadıqda, həmin qalıq Dövlət Sifarişçisinin qərarı ilə silinir və onun dəyəri Fondun vəsaiti hesabına ödənilir.


5. Fondun fəaliyyətinin maliyyə təminatı

5.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

5.1.1. Fondun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar sortların toxumunun istehsalının və tədarükünün həyata keçirilməsi üçün muxtar respublikanın dövlət büdcəsindən ayrılan vəsaitlər;

5.1.2. Fondda saxlanılan toxumun istifadəsindən əldə olunan vəsait;

5.1.3. dövlət və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələr;

5.1.4. qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxilolmalar.

5.2. Fondun vəsaiti onun hesablaşma hesabında yığılır və Dövlət Sifarişçisinin təsdiq etdiyi gəlir və xərclər smetası əsasında istifadə olunur.

5.3. Fondun vəsaitlərinin xərc istiqamətləri aşağıdakılardır:

5.3.1. Fonda toxumun tədarük edilməsi və saxlanılması;

5.3.2. Fondun işçilərinin əməkhaqqının ödənilməsi;

5.3.3. Fondun fəaliyyətində iştirak edən işçilərin mükafatlandırılması (Fondun vəsaitinin 5 faizindən çox olmamaq şərtilə);

5.3.4. ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsi və stimullaşdırılması;

5.3.5. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, işlərin yerinə yetirilməsi üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər avadanlıqların alınması;

5.3.6. Fondun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində digər xərclərin ödənilməsi.

Qeyd. Fonda daxil olan vəsaitdən Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-praktiki konfransların və tədbirlərin keçirilməsi, elmi-tədqiqat, təcrübi-metodiki işlərin aparılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə istifadə edilə bilər.

5.4. Tədarük edilmiş toxumdan istifadə barədə hər ilin yekunlarına görə Fond tərəfindən hesabat hazırlanır və Dövlət Sifarişçisinə təqdim olunur.

5.5. Fondun il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilir.

"Naxçıvan Muxtar Respublikasının

Toxum Fonduna toxumun tədarükü,

saxlanılması və istifadəsi Qaydaları"na

1 nömrəli əlavə

Məntəqələrdə (anbarlarda) toxumun saxlanılmasına

olan tələblər

1. Toxumun Fondda saxlanılması bir vegetasiya ili müddətinə nəzərdə tutulur.

2. Toxumun tədarükü və saxlanılması kompleks tədbirlər planı olub, toxumun səpin keyfiyyətinin (cücərməsi, təmizliyi, nəmliyi) saxlanılmasına, toxumun yenidən nəmlənməsinin, zibillənməsinin və xarab olmasının aradan qaldırılmasına yönəldilir.

3. Səpin üçün hazır olan toxumlar anbar zərərvericilərindən zərərsizləşdirilmiş, nəmlikdən, zibillənmədən və xarab olmadan qorunması mümkün olan döşəməli, arakəsməli anbar, konteyner və silos tipli toxumsaxlayıcılarda saxlanılır.

4. Toxum anbarda açıq (topa) halda, kisədə (elit və 1-ci reproduksiyalı) və kağız torbalarda (orijinal) saxlanıla bilər. Elit və 1-ci reproduksiyalı toxumların açıq saxlanılmasına icazə verilmir.

5. Saxlanmaya qəbul olunmuş toxumlar, bitkilər, sortlar, kateqoriyalar və partiyalar üzrə yerləşdirilir.

6. Toxumun məntəqələrdə (anbarlarda) saxlanılması üçün nəmliyi kondisiyalı olmalıdır. Kondisiyaya çatdırılmış toxumlar toxumsaxlayıcıda toxumun aid olduğu temperaturda, onu əhatə edən havanın nəmliyində saxlanılır.

7. Əgər toxum materialı açıq-topa halında saxlanılarsa, toxum partiyası bir-birindən təcrid edilmiş bölmələrdə olmalıdır. Bölmələrin altı taxta ilə döşənməlidir. Tığın hündürlüyü 2-3 m-dən artıq olmamalıdır.

8. Toxumları kisədə saxlayan zaman kisələr döşəmədən ən azı 15 sm hündürlükdə olan taxta palitralar üzərində sıra ilə düzülərək, topa halında yığılır. Sıralar divardan ən azı 70 sm məsafədə olmalıdır.

9. Texnoloji əməliyyatlar və toxumun vəziyyəti barədə müşahidələr aparmaq məqsədi ilə, sıralar arasındakı məsafə 1,5 m-dən az olmamalıdır. Toxum kisələrinin sırasının uzunluğu toxumsaxlayıcı anbarın sahəsindən və toxum partiyasının həcmindən asılıdır. Sıranın hündürlüyü dənli, sünbüllü, qarğıdalı və noxud üçün (toxumun nəmliyi 14 %-dən çox olmamaq şərtilə) 15 sıra ola bilər. Kisələrin sıraya düzülməsi və

daşınmasının mexanikləşdirilməsi nəzərdə tutulduqda, sıralar arasındakı məsafə ən azı 2,5 m olmalıdır. Sırada kisələrin üst-üstə düzülüşü hündürlüyü 8 kisədən artıq olmamalıdır.

10. Sıraya vurulmuş kisələrin yeri hər 4-6 aydan bir dəyişdirilir. Bu zaman ən üstdəki kisələr alt sıraya, alt sıradakı kisələr isə yuxarı yığılmalıdır.

11. Silos tipli saxlayıcılarda tığın hündürlüyü 5 m-ə qədər ola bilər.

"Naxçıvan Muxtar Respublikasının

Toxum Fonduna toxumun tədarükü,

saxlanılması və istifadəsi Qaydaları"na 

2 nömrəli əlavə

Toxum saxlanılan məntəqələrə (anbarlara) dair tələblər

1. Toxum saxlanılan məntəqələr (anbarlar), digər köməkçi bina və qurğular aşağıdakı sanitar və texniki tələblərə cavab verməlidir:

1.1. toxum müvafiq texniki avadanlıqlarla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalarda (anbarlarda) saxlanılmalıdır;

1.2. toxum saxlanılan məntəqənin (anbarın) ətrafı daş divarla və ya digər mühafizə materialları ilə hasarlanmalı, məntəqənin (anbarın), bina və qurğuların işlək hissələri asfaltla və ya beton örtüklə örtülməlidir;

1.3. bina və qurğularda texniki təhlükəsizlik tədbirləri görülməli, yararsız dam örtükləri təmir olunmalı, ərazidə atmosfer çöküntülərinin və yeraltı qrunt sularının axıdılması müvafiq vasitələrlə təmin edilməlidir;

1.4. bina və qurğuların normal işıqlandırılma və daimi havalandırma sistemi olmalıdır;

1.5. toxumun tədarükünə başlanılmazdan əvvəl bina və qurğularda xəstəlik və zərərvericilərə qarşı təmizləmə və dezinfeksiya işləri aparılmalıdır;

1.6. toxum saxlanılan məntəqədə işlək və saz vəziyyətdə toxum yükləyən və boşaldan vasitələr olmalıdır;

1.7. hər bir toxum saxlanılan məntəqə (anbar) toxumun keyfiyyətinə nəzarət məqsədi ilə müvafiq cihaz və avadanlıqlarla (şup, termoştanq, psixometr), etiketlərlə, plomblarla, bütün toxum materialını etiketləmək üçün blanklarla təmin olunmalıdır.

 

"Naxçıvan Muxtar Respublikasının

Toxum Fonduna toxumun tədarükü,

saxlanılması və istifadəsi Qaydaları"na 

3 nömrəli əlavə

Qablaşdırılmış toxumun qeydiyyata alınması

1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır.

2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir:

2.1. bitki;

2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma);

2.3. kateqoriya (reproduksiyalı toxum nəsli üçün);

2.4. məhsul ili;

2.5. partiyanın nömrəsi (nəzarət vahidi);

2.6. fraksiyanın nömrəsi (kalibra olunmuş toxumlar üçün);

2.7. qablaşdırılmış vahidin kütləsi, netto;

2.8. toxumda olan qarışıqların faizlə miqdarı ("qarışıq toxum" partiyaları üçün);

2.9. toxumun mənşəyi;

2.10. dərmanlayıcının və zər (pərdə) əmələgətirən maddənin adı;

2.11. toxum sənədlərinin nömrəsi (daxilə qoyulmuş etiketdə göstərməmək olar);

2.12. qəbul olunmuş standartın işarə olunması;

2.13. toxumun qablaşdırılması tarixi.

3. Göstərilən məlumatlar müntəzəm olaraq qabın üzərində (kisədə, konteynerdə və s.), silinməyən boya və ya digər vasitələrlə yazılmalıdır. Bu etiket toxumun daxilinə qoyulmur. Qablaşdırılmış toxumun daxilinə qoyulan etiketdə ancaq bitkinin adı, sort və toxum partiyasının nömrəsi göstərilir.

4. Orijinal toxumlarda bənövşəyi, elit toxumlarda ağ, hibrid və 1-ci reproduksiyalı toxumlarda mavi, 2-ci reproduksiyalı və ondan sonrakı nəsillərdə qırmızı, qarışıq toxumlarda isə yaşıl rəngdə etiketlərdən (yarlıklardan) istifadə olunur.

5. Dərmanlanmış və qablaşdırılmış hər bir toxumun üzərinə "Dərmanlanmışdır! Zəhərlidir!" xəbərdaredici qeyd yazılır. Belə toxumlar təcrid olunmuş binalarda müvafiq sanitar qaydalara əməl edilməklə saxlanılır.

Joomla 1.5