"Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində

cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli  14 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«1» mart 2016-cı il

№ 25

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il "1"

mart tarixli 25 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza

çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların (bundan sonra - narkoloji xəstə məhkumlar) məcburi müalicəsinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara uyğun olaraq tətbiq edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaşdırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına, şəxsin özünə və ya digər şəxslərə zərər yetirməsi təhlükəsinin aradan qaldırılmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.

 

2. Narkoloji xəstə məhkumlara məcburi müalicənin tətbiq

edilməsinin ümumi şərtləri

2.1. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

2.2. Narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq edilir.

2.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan müalicə üsulları tibb elminin son nailiyyətlərinə əsaslanır.

2.4. Məcburi müalicə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məcburi müalicədə olan şəxslərə sosial qayğının göstərilməsində, reabilitasiyasında, cəmiyyətə reinteqrasiyasında donor və (və ya) qeyri-hökumət təşkilatları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada iştirak edə bilərlər.

2.5. Cinayət və cəzaların icrası qanunvericiliyinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlər cəza müddətində cəzanı icra edən müəssisənin tibb xidməti tərəfindən həyata keçirilir.

 

3. Cəzaçəkmə müəssisələrində saxlanılan məcburi müalicə tətbiq edilmiş məhkumlar barədə məlumatın ötürülməsi

3.1. Məcburi müalicənin tətbiqi və ya ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı narkoloji xəstə məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra qeydiyyat qurumu tərəfindən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.

3.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş məhkumlar bir cəzaçəkmə müəssisəsindən digərinə köçürüldükdə, qeydiyyat qurumu tərəfindən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.

3.3. Tibb xidmətinin rəhbəri məcburi müalicə barədə yazılı məlumatı aldıqdan sonra həmin məlumatı cəzaçəkmə müəssisəsinin həkim-narkoloquna və ya onu əvəz edən şəxsə təqdim edir.

3.4. Cəzaçəkmə müəssisəsinin tibb xidmətinin rəhbəri alınmış məlumatı 3 (üç) gündən gec olmayaraq, müvafiq qaydada qeydiyyata alır və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə yazılı məlumat göndərir.

 

4. Məcburi müalicənin həyata keçirilməsi

4.1. Məhkumun məcburi müalicəsi cəza çəkdiyi müəssisədə həkim-narkoloq tərəfindən təyin edilmiş müayinə və müalicə planı əsasında həyata keçirilir.

4.2. Məcburi müalicə zamanı müayinə və müalicə müəssisədə ambulator və ya stasionar qaydada aparılır.

4.3. Məcburi müalicənin aparılması barədə bütün tibbi məlumatlar məhkumun tibbi kitabçasında qeyd olunur.

4.4. Məhkumun tibbi kitabçasında xəstənin səhhətinin vəziyyəti (psixi və somatik) barədə qeydlər ilk 2 (iki) ay müddətində həftədə bir dəfə, qalan müalicə müddətində isə ayda 2 (iki) dəfədən az olmayaraq aparılır.

 

4.5. Məcburi müalicəyə cəlb edilmiş xəstəyə həkim-narkoloq tərəfindən müayinə planına əsasən aşağıdakı tədbirlər tətbiq edilir:

4.5.1. döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi - ilk dəfə daxil olduqda dərhal, sonradan ildə bir dəfə;

4.5.2. ümumi və kliniki laborator müayinələr - 6 (altı) aydan bir;

4.5.3. yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, B və C hepatitləri, sifilis) - 6 (altı) aydan bir;

4.5.4. digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışları - tibbi göstərişlər olduqda.

4.6. Müayinələrin aparılması müddətləri, digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışlarının təşkili həkim-narkoloqun əsaslandırılmış qeydləri əsasında həyata keçirilir.

4.7. Məcburi müalicədə olduğu müddətdə həkim təyinatı olmadan xəstənin psixoaktiv maddələr qəbul etməsinə şübhə yaradan əlamətlər müşahidə edildikdə, faktı təsdiq və ya inkar etmək məqsədi ilə həkim-narkoloq tərəfindən narkoloji tibbi müayinə aparılır.

4.8. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkuma qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalı, onlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar.

4.9. Məcburi müalicə dövründə cəzaçəkmə müəssisəsinin tibb personalı narkoloji xəstə məhkumların fiziki və psixi sağlamlığının qayğısına qalır, onlara cəmiyyətdə mövcud səhiyyə standartlarına uyğun tibbi xidmət göstərilir.

4.10. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumların xarici aləmlə əlaqələri kəsilməməli, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə görüşmələrinə, poçt, telefon və digər əlaqə vasitələri ilə əlaqə saxlamalarına icazə verilməlidir.

4.11. Narkoloji xəstə məhkumlar psixoloji yardımla təmin edilirlər.

5. Həyata keçirilmiş məcburi müalicənin qiymətləndirilməsi

5.1. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi  həkim-məsləhət komissiyası (bundan sonra - HMK) vasitəsilə həyata keçirilir.

5.2. Məhkumun müalicə kursu başa çatdıqda, həkim-narkoloq tərəfindən epikriz tərtib olunur. Bu epikrizdə həkim-narkoloqun rəyi, laborator və digər müayinələrin nəticələri, müayinədən sonra əldə edilmiş effekt, məhkumun psixi və fiziki vəziyyətində baş vermiş dəyişikliklər göstərilir və məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi üçün məhkumun tibbi kitabçası ilə birlikdə HMK-ya göndərilir.

5.3. Məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi zamanı zəruri müayinələrin aparılması məqsədi ilə narkoloji xəstə məhkumlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tibb Sanitar Hissəsinə  köçürülürlər. Müayinələr başa çatdıqdan sonra narkoloji xəstə məhkum dərhal cəzaçəkmə müəssisəsinə geri qaytarılır.

5.4. HMK məhkum barədə sənədlər daxil olduqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq, həyata keçirilmiş məcburi müalicə tədbirlərini qiymətləndirərək məcburi müalicənin tamamlanması və ya müalicənin davam etdirilməsi barədə tibbi rəy verir.

5.5. Əlavə laborator müayinələrin keçirilməsi, həkim-mütəxəssislərin baxışının təşkili ilə bağlı qiymətləndirmə müddəti 1 (bir) ayadək uzadılır.

5.6. HMK tibbi xarakterli məcburi tədbirlərdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicənin tamamlanması barədə tibbi rəy verir.

5.7. HMK tərəfindən verilmiş tibbi rəy məhkumun şəxsi işinə əlavə edilməsi üçün onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təqdim edilir.

5.8. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti HMK-nın məcburi müalicənin tamamlanması barədə tibbi rəyi əsasında 5 (beş) iş günündən gec olmayaraq, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi barədə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.

5.9. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi HMK-nın tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəsatəti ilə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.

 

6. Yekun müddəalar

6.1. Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir.

6.2. Qanunvericiliyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər.

 

 

 

Joomla 1.5