"Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi

və satışı barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında

"Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci 18 aprel tarixli 69 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Məhkəmənin qərarınadək, bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən hazırlanmış və təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.

3. Bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışı Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

4. "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci 18 aprel tarixli 69 nömrəli qərarı barədə" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 may tarixli 65 nömrəli qərarı ləğv edilsin.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«18» iyul 2016-cı il

№ 71

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il

"18" iyul tarixli 71 nömrəli qərarı

ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz

qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən

əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi,

saxlanılması, istifadəsi və satışı barədə

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə qanunvericiliklə başqa şərtlər müəyyənləşdirilməyən hallarda aşağıdakılara şamil edilir:

1.1.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlaka;

1.1.2. qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlaka;

1.1.3. vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka;

1.1.4. muxtar respublikanın maliyyə orqanlarına təhvil verilən dəfinələrə.

1.2. Bu Əsasnamə ilə müəyyən edilən uçot, qiymətləndirilmə, saxlanılma, istifadə və satış qaydaları aşağıdakılara şamil edilmir:

1.2.1. dəmir yolu, su, hava, avtomobil və digər nəqliyyatda sənədsiz daşınan, tələb edilməmiş baqaj yüklərinə;

1.2.2. rabitə orqanlarından tələb edilməmiş baratlara, bağlamalara, məktublara (zərflərə) və pul göndərişlərinə, həmçinin digər poçt göndərişlərinə;

1.2.3. haqqında mövcud qanunvericiliklə digər uçot, qiymətləndirmə, saxlama, istifadə, satılma və dövlət mülkiyyətinə keçirmə qaydaları müəyyən edilmiş əmlaka (mallara).

2. Əmlakın uçotu, qiymətləndirilməsi və saxlanılması qaydaları

2.1. Əsasnamənin 1.1-ci bəndinə uyğun olaraq müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aşağıdakı kimi aparılır:

- müsadirə edilmiş və sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, hökm və ya qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində hökmün və ya qərarın surətini, hökmün və ya qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir;

- vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak üzrə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə, bu əmlak haqqında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə 5 iş günü müddətində məlumat verir.

Məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə dövlət mülkiyyətinə keçməsi prosesində aşağıdakı orqanlar iştirak edirlər:

- Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra qurumları, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu məlumatları icmallaşdırır və onların əsasında həmin əmlakın operativ uçotunun aparılmasını təşkil edir.

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydaya əsasən həyata keçirilir.

2.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın qiymətləndirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir.

Dövlət mülkiyyətinə keçən əmlak qiymətləndirildikdən sonra onun təyinatı üzrə verilməsi aşağıdakı kimidir:

- icra məmuru tərəfindən həbs qoyulmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilmiş əmlak icra məmuru tərəfindən maliyyə orqanına verilir. Bu əmlakın, habelə müəyyən olunmuş qaydada qəbul edilmiş dəfinələrin təyinatı üzrə verilməsi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir;

- qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlakın və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın təyinatları üzrə verilməsi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilir.

3. Əmlakın istifadəsi, satışı və verilməsi qaydaları

3.1. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlaklar aşağıdakı tələblərə əməl edilməklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq Əsasnamənin 2.1-ci bəndində adları çəkilən orqanlar tərəfindən aidiyyəti üzrə təhvil verilir:

3.1.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medallar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verilir;

3.1.2. milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına mədaxil olunur;

3.1.3. dini ibadət (ayin) əmlakları (3.1.1-ci yarımbənddə göstərilənlər, xam və emal edilmiş vəziyyətdə olan hər cür qiymətli metallar, qiymətli və yarımqiymətli daşlar və onlardan hazırlanmış bütün növ məmulatlar istisna olmaqla) əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinə verilir;

3.1.4. dərman vasitələri əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə verilir;

3.1.5. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak, onun üzərində sərəncam vermə səlahiyyəti olan orqanlara təhvil verilir;

3.1.6. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir;

3.1.7. bu Əsasnamənin 3.1.1-ci - 3.1.6-cı bəndləri ilə əhatə olunmayan əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə həyata keçirilir;

Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Göstərilən qaydada satılmayan əmlak barədə bu Əsasnamənin 3.1.9-cu yarımbəndi tətbiq olunur.

3.1.8. bu Əsasnamənin 3.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, üzərindəki etiketlər və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələrinə əsasən yararsız olan əmlaklar, habelə üzərində etiket və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələri olmayan, 3.1.9-cu yarımbəndlə müəyyən edilmiş qaydada əvəzsiz olaraq verilməsi və ya təkrar emalı mümkün olmayan əmlaklar 3.1.10-cu yarımbənddə nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir;

3.1.9. bu Əsasnamənin 3.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan əmlaklar üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi malların təkrar emalından əldə edilmiş gəliri muxtar respublika büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Əsasnamənin 3.1.10-cu yarımbəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir;

3.1.10. bu Əsasnamənin 3.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, habelə 3.1.9-cu yarımbəndinə uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakların məhv edilməsi və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:

3.1.10.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi;

3.1.10.2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi;

3.1.10.3. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

3.1.10.4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;

3.1.10.5. Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi.

3.1.11. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından əldə edilən vəsaitlər həmin əmlakların saxlanılması, satışı, bu Əsasnamənin 3.1.9-cu yarımbəndində nəzərdə tutulan məqsədlə məhv edilməsi və utilizasiyası üçün göstərilən xidmətlərə görə ödənişlər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində muxtar respublika büdcəsinə köçürülür;

3.1.12. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraclar vasitəsi ilə satışından daxil olan vəsaitlərin muxtar respublika büdcəsinə köçürülməsinə nəzarət Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir;

3.1.13. vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka notarius Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə vərəsəlik hüququ haqqında şəhadətnamə verir və bu barədə müvafiq maliyyə orqanına məlumat göndərir. Mühafizəçinin iştirakı ilə tərtib olunmuş təhvil-təslim aktı əsasında miras əmlak notarius tərəfindən aidiyyəti orqanların səlahiyyətli nümayəndəsinə təhvil verilir.

3.2. Dəfinə tapıb dövlətə təhvil verən şəxslərə çatası bəxşiş məbləğləri mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 45 iş günü müddətində dəfinəni qəbul edən maliyyə orqanı tərəfindən ödənilir.

3.3. Bu Əsasnamədə adları qeyd olunmayan digər dövlət orqanları Əsasnamənin 1.1-ci bəndində qeyd olunan hallarla üzləşdikdə bu Əsasnamənin tələbləri onlara da şamil olunur.

Həmin orqanlar tərəfindən aşkar edilmiş əmlak saxlanılmaq üçün bu Əsasnamənin 2.1-ci bəndində göstərilən orqanlara verilir.

4. İcra orqanlarının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi və əmlakın geri tələb edilməsi qaydaları

4.1. Bu Əsasnamənin 1.1-ci bəndində sadalanan əmlakın uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi, satışı və verilməsi hərəkətlərindən (hərəkətsizliyindən) qüvvədə olan qanunvericiliyə uyğun olaraq şikayət verilə bilər.

4.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən, məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərara əsasən dövlət mülkiyyətinə keçirilmiş əmlak və ya onun dəyəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq geri tələb edilə bilər.

Joomla 1.5