"Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Məktəbə hazırlığın təşkili Qaydaları"nın

təsdiq edilməsi haqqında

"Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli     4 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Məktəbə hazırlığın təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«22» avqust 2016-cı il

№ 80

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2016-cı il

"22" avqust tarixli 80 nömrəli

qərarı ilə təsdiq edilmişdir

Məktəbə hazırlığın təşkili

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.

1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.

1.3. Beşyaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.

1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.

1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.

1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.

 

2. Məktəbə hazırlığın məqsəd və vəzifələri

2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

 

3. Məktəbə hazırlığın təşkili üçün qoyulan tələblər

Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;

məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;

gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;

uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;

istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:

fiziki hazırlıq:

uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;

hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;

fiziki və əqli qabiliyyətin inkişafı;

şəxsiyyətyönümlü hazırlıq:

müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;

başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;

müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;

ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;

intellektual hazırlıq:

obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;

prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.

sosial hazırlıq:

yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;

böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;

öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.

 

4. Uşaqların məktəbə hazırlığının təşkili

4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.

4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.

 

O cümlədən:

Ana dili və bədii ədəbiyyat üzrə iş  - 1 məşğələ

Savad təliminə hazırlıq və nitq inkişafı  - 1 məşğələ

Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi)  - 1 məşğələ

Azərbaycan (rus) dili - 2 məşğələ

Sadə riyazi təsəvvürlərin inkişafı  - 1 məşğələ

Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı) - 1 məşğələ

Quraşdırma, gil işi (həftəaşırı) - 1 məşğələ

Musiqi - 2 məşğələ

Fiziki mədəniyyət  - 2 məşğələ.

Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə     10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.

4.3. Gün rejimi "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.

Joomla 1.5