"Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi

haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

"Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin yaradılması barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 14 aprel tarixli 128-05/S nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«17» aprel 2017-ci il

 

№ 25

 

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər  Kabinetinin  2017-ci il

17 aprel tarixli 25 nömrəli qərarı

ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

yanında Qiymətli Metallara və Qiymətli Daşlara

Nəzarət İdarəsi haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra -İdarə) Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirir.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını, digər normativ-hüquqi aktları, eyni zamanda bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamp və blanka malikdir.

1.5. İdarənin saxlanma xərcləri dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. İdarə Naxçıvan şəhərində yerləşir.

II. İdarənin fəaliyyət istiqamətləri

2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş və muxtar respublika ərazisinə satış üçün gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının, habelə qiymətli yarımfabrikatların, ərinti və külçələrin qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını, analizini və damğalanmasını həyata keçirir;

2.1.2. dövlət əyar damğalarının, ad damğalarının izlərinin, qiymətli metalların, qiymətli daşların, onlardan hazırlanan məhsulların, habelə metal qırıntılarının və tullantılarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizasını aparır;

2.1.3. qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövlət nəzarətini həyata keçirir;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. İdarənin vəzifələri

3.1. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş, habelə muxtar respublika ərazisinə satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının, habelə qiymətli yarımfabrikatların, ərinti və külçələrin qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını, analizini və damğalanmasını həyata keçirmək;

3.1.2. Naxçıvan Muxtar Respublikasının ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahələrində dövlət nəzarəti tədbirlərini həyata keçirmək, qiymətli metalları, qiymətli daşları və onlardan istehsal edilmiş məmulatları işlədən və uçotunu aparan dövlət müəssisələrində qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama aparmaq;

3.1.3. nəzarət tədbirləri həyata keçirilən zaman cinayət əlamətləri olan qanun pozuntuları aşkar olunduqda, yoxlama materiallarının hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

3.1.4. qiymətli metalların nadir külçələri və nadir qiymətli daşlar üçün onların nadir kateqoriyaya aid edilməsini təsdiq edən sənədləri tərtib etmək və qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görmək;

3.1.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda qiymətli daşların ekspertizasını və diaqnostikasını həyata keçirmək;

3.1.6. qiymətli metal külçələrinin və qiymətli daşların nadir kateqoriyaya aid edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ekspertizaların həyata keçirilməsi və bu barədə ekspert komissiyası tərəfindən qərarların qəbul edilməsi üçün tədbirlər görmək;

3.1.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və miqdarda dövlət rüsumu tutulmasını təmin etmək;

3.1.8. qanunvericiliyə uyğun olaraq qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırmasını həyata keçirmək;

3.1.9. Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş, habelə muxtar respublika ərazisinə satış məqsədilə gətirilmiş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları ilə ticarətin onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əyar damğaları olduqda aparılmasına nəzarət etmək;

3.1.10. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydaları barədə təkliflər vermək;

3.1.11. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, İdarədə qiymətli metalların və onlardan hazırlanmış məmulatların əyarlanması, analizi və damğalanması üzrə yeni texnologiyaların tətbiq edilməsini həyata keçirmək;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək;

3.1.13. İdarəyə ayrılan büdcə vəsaitləri, kreditlər və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.14. İdarənin işçilərinin əlavə təhsilinin və xüsusi hazırlığının təşkil edilməsini həyata keçirmək;

3.1.15. İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. İdarənin hüquqları

4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydaları barədə təkliflər vermək;

4.1.2. İdarəyə həvalə olunmuş vəzifələri yerinə yetirmək məqsədilə qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərə xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı  təqdim etməklə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq;

4.1.3. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə istifadə etdikləri əraziyə, istehsal, anbar, ticarət və digər bu qəbildən olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadəsi, dövriyyəsi, uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən edilmiş hallarda və qaydada möhürləmək;

4.1.4. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri, yazılı və şifahi izahatları və arayışları tələb etmək;

4.1.5. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama keçirmək;

4.1.6. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və tullantıları barədə məlumatlar əks olunan mühasibat sənədlərini, normativ texniki və digər sənədləri yoxlamaq, qanunla müəyyən edilmiş hallarda və qaydada onları möhürləmək;

4.1.7. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərində, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırlanan məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;

4.1.8. qanunvericiliyə müvafiq olaraq nəzarət həyata keçirilən sahibkarlıq subyektlərinin səlahiyyətli vəzifəli şəxslərinə aşkar olunmuş nöqsanların aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar göndərmək;

4.1.9. öz səlahiyyətləri daxilində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını hazırlamaq və təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

4.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda inzibati xətalar haqqında işlər üzrə araşdırma aparmaq, materialları Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

4.1.11. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda nəzarət tədbirlərinin həyata keçirilməsi nəticəsində qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) və satışı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışa çıxarılmaması üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

4.1.12. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.1.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarəyə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

İdarənin işçiləri İdarə rəisinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.2. İdarənin rəisi və işçiləri onlara həvalə olunmuş öhdəliklərin və əmək funksiyalarının yerinə yetirilməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

5.3. İdarənin rəisi:

5.3.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində İdarənin ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

5.3.3. İdarənin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.3.4. İdarənin səlahiyyətlərinə aid məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının Maliyyə nazirinə təkliflər təqdim edir;

5.3.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.3.6. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə İdarəni vəkalətnaməsiz təmsil edir;

5.3.7. İdarənin fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

5.3.8. İdarənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri həyata keçirir;

5.3.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Joomla 1.5