“Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin

verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında


“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«25» yanvar 2018-ci il

№ 19

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin 2018-ci il

25 yanvar tarixli 19 nömrəli qərarı

ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra - Xidmət) yerli orqanları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

1.2. Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada Xidmətin yerli orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti

 

2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti Qanunun 13-cü maddəsi ilə tənzimlənir.

2.2. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Xidmətin yerli orqanına məlumat verməlidir.

3. Sığorta ödənişinin təyin edilməsindən imtina

 

3.1. Qanunvericiliyə uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir.

4. Sığorta ödənişinin hesablanması

 

4.1. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

4.1.1. sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;

4.1.2. sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;

4.1.3. sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

4.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun qanunvericiliklə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.

4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

4.4. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması məqsədi ilə işəgötürənlər dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda, bu Qaydaya əlavə olunmuş formada Xidmətin yerli orqanına məlumat təqdim etməlidirlər (1 nömrəli əlavə).

4.5. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər əmək qanunvericiliyi ilə müəyyən edilir.

4.6. Sığorta ödənişi sığortaolunanların qanunvericiliyə uyğun olaraq işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

4.7. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə artırılır.

4.8. Sığorta ödənişinin məbləği əvvəlki ildə müəyyən olunan orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

4.9. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum məbləğdə təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

5. Sığorta ödənişinin ödənilməsi

 

5.1. Sığorta ödənişini almaq hüququna malik olan şəxs dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi aydan sonrakı ayda işsiz kimi qeydiyyata alınması üçün Xidmətin yerli orqanına müraciət edir.

5.2. Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciətinə Xidmətin yerli orqanı tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə müraciət edən şəxsin ünvanına bildiriş göndərilir (2 və 3 nömrəli əlavələr).

5.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

5.3.1. ilk 2 təqvim ayı üçün - 100 faiz;

5.3.2. 3-4-cü təqvim ayları üçün - 80 faiz;

5.3.3. 5-6-cı təqvim ayları üçün - 70 faiz.

5.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Bu halda təkrar sığorta ödənişini almaq hüququ olan şəxs yenidən Xidmətin yerli orqanına müraciət etməlidir.

5.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir.

5.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

5.7. Sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi qanunvericiliyə uyğun olaraq ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı şəxsən təsdiq edərək Xidmətin yerli orqanına təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatın qəbul edildiyi təqdirdə ödənilir.

6. Sığorta ödənişinin verilməsinin dayandırılması

 

6.1. Qanunun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır və şəxsə bu barədə bildiriş göndərilir (4 nömrəli əlavə).

6.2. Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada geri qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

6.3. Xidmətin yerli orqanları sığorta ödənişinin təyin edilməsi və ödənişinin dayandırılması haqqında qərarlara əsasən vətəndaşın əmək kitabçasında qeydlər aparılır.

6.4. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, Xidmətin yerli orqanı tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır və bu barədə şəxsə bildiriş göndərilir (5 nömrəli əlavə).

7. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət

 

7.1. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Xidmət tərəfindən həyata keçirilir.

7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Xidmətin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

 

 

“Naxçıvan Muxtar Respublikasında

sığorta ödənişinin verilməsi Qaydası”na

1 nömrəli əlavə


Orta aylıq əməkhaqqının hesablanması üçün

işəgötürən tərəfindən təqdim edilən

M Ə L U M A T

 


“Naxçıvan Muxtar Respublikasında

sığorta ödənişinin verilməsi Qaydası”na

2 nömrəli əlavə         

 

 

Sığorta ödənişinin təyin edilməsinə dair

B İ L D İ R İ Ş

 


“Naxçıvan Muxtar Respublikasında

sığorta ödənişinin verilməsi Qaydası”na

3 nömrəli əlavə       

 

Sığorta ödənişinin təyin edilməsindən imtina barədə

B İ LD İ R İ Ş

 


“Naxçıvan Muxtar Respublikasında

sığorta ödənişinin verilməsi Qaydası”na

4 nömrəli əlavə        

 

Sığorta ödənişinin verilməsinin dayandırılması barədə

B İ L D İ R İ Ş

 


“Naxçıvan Muxtar Respublikasında

sığorta ödənişinin verilməsi Qaydası”na

5 nömrəli əlavə        

 

Sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə

B İ L D İ R İ Ş


Joomla 1.5