“Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili

Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 502 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                 Ə.Baxşıyev

 

«1» avqust 2019-cu il

№ 104

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il

1 avqust tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  (bundan sonda - Nazirlər Kabineti) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkili məsələlərini tənzimləyir.

1.2. Nazirlər Kabineti bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrini və ixtisasları onların təklifləri əsasında müəyyən edir.

2. Ali təhsil müəssisələrinin hazırlıq

qruplarında tədrisin təşkili

2.1. Ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının     1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Hazırlıq qruplarında təhsilalanlar üçün 2 həftəlik qış tətili müddəti müəyyənləşdirilir.

2.2. Hazırlıq qrupları ali təhsil müəssisəsinin struktur bölməsi kimi Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq təşkil edilir və fəaliyyət göstərirlər.

2.3. Hazırlıq qruplarında dərslər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərini əhatə edən və təsdiq olunmuş hazırlıq qruplarının tədris planları əsasında aparılır.

2.4. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları Qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir.

2.5. Hazırlıq qruplarında təhsil alan tələbələr ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyə borcludurlar. Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

2.6. Hazırlıq qrupları Qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

3. Yekun müddəalar

3.1. Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Müsabiqənin nəticələri elan olunduqdan sonra, Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

3.3. Hazırlıq qruplarına keçid balları aidiyyəti üzrə  razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsi  tərəfindən müəyyən edilir.

3.4. Hazırlıq qruplarına qəbul edilən tələbələr aşağıdakı sənədləri 5 (beş) gün müddətində qəbul olunduqları ali təhsil müəssisələrinə təqdim etməklə, qeydiyyatdan keçməlidirlər:

3.4.1. tam orta təhsil haqqında sənədin əsli;

3.4.2. təhsil haqqının ödənişini təsdiqləyən sənəd;

3.4.3. 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil.

3.5. Hazırlıq qruplarında tədrisin sonunda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsi tərəfindən Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

3.6. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır.

 

Joomla 1.5