“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli 81 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2016-cı il 22 avqust tarixli 81 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Raspublikası Nazirlər Kabinetinin 2020-ci il 27 fevral tarixli 69 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il           22 avqust tarixli 81 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.11-ci bənddə “hər bir məktəbin öz nizamnaməsi ilə” sözləri “qanunvericiliyə uyğun” sözləri ilə əvəz edilsin;

2. 1.12-ci və 3.3-3.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.12. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri qanunvericiliklə, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

3.3. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.

3.4. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu,yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaqdan, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik kefiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

3.5. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yoluna və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

3.6. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyinin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və sair təmin olunur.”;

3. 3.8-ci bəndin birinci cümləsində “, bir qayda olaraq, əyani” sözləri “əyani, sərbəst (eksternat)” sözləri ilə əvəz edilsin və ikinci cümləsində “fərdi” sözündən əvvəl “stasionar və” sözləri əlavə edilsin.

4. 3.9-cu bənddən “forması” sözü çıxarılsın.

5. 3.10-cu bənddə “ümumi orta” sözlərindən əvvəl “ibtidai,” sözü əlavə edilsin.

6. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.”.

7. 4.7-ci bənddə “şəhadətnamə” sözü “attestat” sözü ilə əvəz edilsin.

8. 4.8-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.”.

9. 4.20-ci bənddən “attestasiyasının, o cümlədən” sözləri çıxarılsın.

10. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.1.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, uşaq birliyi rəhbərləri, laborantlar, təhsil müəssisəsinin dərnək rəhbərləri, metodistlər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər;”.

11. 6.1.4-cü yarımbənddə “orqanları” sözündən sonra “və bələdiyyələr” sözləri əlavə edilsin, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.1.5-ci və 6.1.6-cı yarımbəndlər əlavə edilsin:

“6.1.5. təsisçilər;

6.1.6. tədrisə köməkçi heyət - tibbi xidmət işçiləri və digər işçilər.”.

12. 7.1.1-ci yarımbəndə “tədris dilini,” sözlərindən sonra “xarici dili,” sözləri əlavə edilsin;

13. aşağıdakı məzmunda 7.1.7-1-ci, 7.3.1-1-ci, 7.3.4-1-ci yarımbəndlər əlavə edilsin:

“7.1.7-1. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiyada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;

7.3.1-1. üzrsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

7.3.4-1. sağlam həyat tərzi keçirmək;”.

14. 8.1.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin.

15.  8.1.6-cı yarımbənddən “ixtisasını artırmaq,” sözləri çıxarılsın.

16. 8.2.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin.

17. 8.2.5-ci yarımbəndə “pedaqoji” sözündən əvvəl “daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək,” sözləri əlavə edilsin.

18. 8.2.7-ci yarımbəndə “çəkindirmək” sözündən sonra                         “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin.

19. 8.2.8-ci yarımbəndə “yüksəltmək,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək” sözləri əlavə edilsin.

20. aşağıdakı məzmunda 8.2.8-1-ci, 8.2.8-2-ci və 9.2.2-1-ci yarımbəndlər əlavə edilsin:

“8.2.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;

8.2.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

9.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;”.

21. 10.13-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.”.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                 Əlövsət Baxşıyev

 

13 mart 2020-ci il

№ 56

 

 

 

 

Joomla 1.5